XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

29 İyul 2016 - 12:45

Əli Kərimli ölkədəki iqtisadi böhranın miqyasını və çıxış yollarını göstərdiVİDEO

ali-karimli11-300x180“Bu korrupsiya ilə qeyri-neft sektorunun inkişafı mümkün deyil”

Bugünlərdə İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin iclasında bu ilin ilk altı ayının yekunları qiymətləndirildi, ölkədəki sosial-iqtisadi böhrana münasibət bildirildi. AXCP sədri Əli Kərimli “Azərbaycan saatı” proqramının axırıncı verilişində İlham Əliyevin dediklərinə münasibət bildirməklə yanaşı, ölkədəki sosial-iqtisadi problemlərlə bağlı baxışlarını bölüşüb. Ə.Kərimlinin çıxışını təqdim edirik.

Əsl analoqsuzluq indi yaranıb

İstənilən xəstəliyin müalicəsi ilk növbədə onun dəqiq  müayinə olunub düzgün diaqnozun qoyulmasından başlayır. Əgər Azərbaycan iqtisadiyyatı xəstədirsə, – hamımız görürük xəstədir – o xəstəni müalicə etməmişdən əvvəl düzgün diaqnoz qoyulmalıdır ki, Azərbaycan iqtisadiyyatının vəziyyəti necədir? Çox təəssüf ki, İlham Əliyevin müşavirədəki çıxışında nəinki ölkədəki sosial-iqtisadi vəziyyətin dəqiq xarakteristikası verilmədi, əksinə, şüurlu şəkildə ölkədəki problemlər ört-basdır edildi. Bəzi hallarda həqiqətə uyğun olmayan məlumatlar verildi insanlara. İslahatlar barədə danışmaq əvəzinə, islahatların imitasiyasından söhbət getdi və bütövlükdə müşavirə ölkənin sosial-iqtisadi problemlərinin həllinə yox, ört-basdır edilməsinə, gözə kül üfürməyə yönəlmiş bir tədbir oldu. Xalqı da xeyli aldatdılar. Həqiqətə uyğun olmayan məlumatlar verdilər.

Əslində isə Azərbaycan iqtisadiyyatının durumu çox acınacaqlıdır. Məəsuliyyətlə deyirəm ki, əsl analoqsuzluq indi yaranıb. Azərbaycan iqtisadiyyatı elə həddə, böhrana düşüb ki, o, sürətlə kiçilir və mən hər hansı başqa ölkədə bu qədər kiçilmə, bu qədər dərin böhran görməmişəm, xatırlamıram da.

Təsəvvür edin, ötən il ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 75 milyard dollardan 52 milyard dollara düşdü – 23 milyard dollar və ya 29 faiz azaldı. Bilirsiniz ki, bu analoqsuz inkişaf söhbəti 2007-2008-ci illərdə və sonrakı dövrdə neftin qiymətinin artması zamanı yaranmışdı. O zaman illər üzrə ÜDM-də 20-25 faiz və bir dəfə də 30 faiz artım olmuşdu. Amma indi birdən-birə il ərzində 29 faiz azalma baş verdi. Proses hələ də davam edir, ilk beş ayın nəticəsinə görə, Azərbaycanda ÜDM dollarla ifadədə – yeri gəlmişkən, ÜDM-i məhz möhkəm valyutalarla qiymətləndirmək lazımdır, çünki bu, beynəlxalq statistikaya gedən məlumatdır – yenə də 8.3 milyard kiçilib. Bu gedişlə ilin axırına kimi ÜDM-in 18-20 milyard azalması gözlənilir. Yəni indiki temp davam edəcəyi təqdirdə iki il ərzində ölkənin ÜDM-inin 2 dəfədən də artıq kiçilməsi gözlənilir. 75 milyard dollardan ilin axırına 32-35 milyard olsa, böyük şeydir. Təsəvvür edirsiz kiçilmənin həddini?

Yeri gəlmişkən, dövlət büdcəsi də 2014-cü ildəki 25 milyard dollardan bu il artıq 10 milyard dollara düşüb. Amma bu 10 milyard özü də real deyil. Bu gün büdcənin icrasına baxsaq, görərik ki, ilin sonuna büdcə 8 milyard icra olunsa, böyük şeydir. Təsəvvür edin, bu, iki il ərzində dövlət büdcəsinin 3 dəfə kiçilməsi deməkdir. Azərbaycanda sosial-iqtisadi böhran bu qədər dərindir.

Və yaxud insanların həyatına birbaşa təsir edən bir faktora – orta aylıq əməkhaqqına baxaq. 2014-cü ildə ölkə üzrə orta əməkhaqqı 566 dollara qalxmışdı. Bunu haşiyə çıxaraq deyim ki, orta aylıq əməkhaqqı insanları qıcıqlandırır. Bu, həqiqi orta əməkhaqqı deyil. Bu rəqəm neft şirkətində işləyənlərin, dövlət məmurlarının, məhkəmə sistemi, hüquq-mühafizə orqanlarında, xarici şirkətlərdə işləyənlərin yüksək əməkhaqları müqabilində bu səviyyəyə çatır. Bu adamların sayı isə 50-60 mindən artıq deyil. Yəni realda adi vətəndaş 500-600 dollar səviyyəsində əməkhaqqı almır. Bu gün bu rəqəm 310 dollar təşkil edir. Təsəvvür edirsiz, geriləmə nə qədərdir? 46-47 faiz.

Bu rəqəmləri bir kənara qoymaq istəyirəm. Gündəlik həyatda ölkədəki sosial-iqtisadi böhranın nə qədər dərinə getdiyini hamınız hiss edirsiniz. Təkcə son bir neçə il ərzində Azərbaycanda 17 min tələbə təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəblərdən qovulub. Təkcə bu il 730 nəfər bakalavr magistraturaya qəbul olunsa da, ödəniş edə bilmədiyi üçün təhsilini davam etdirməkdən imtina etdi. 12 minə yaxın Türkiyədə təhsil alan, 15 min uzaq xaricdə təhsil alan tələbələrin valideynlərinin xərcləri devalvasiya nəticəsində 2 dəfədən çox artdı. İnsanlar ən elementar tələbatlarını ödəyə bilmirlər. Niyə görə hər şeyin qiyməti qalxdığı təqdirdə ətin qiyməti aşağı düşüb? Çoxlu sayda ailələr normal qidalana bilmirlər. Artıq ət almağı hər bir ailə özünə rəva görə bilmir, ətin qiymətinin düşməsi onun hesabınadır. Artıq UNİCEF də rəsmən təsdiqləyib ki, ölkədəki uşaqların 40 faizi normal qidalana bilmədiyindən xroniki olaraq qan azlığından əziyyət çəkirlər. Təxminən 30 faizə qədər uşaq normal qidalanmadığına görə boy qısalığından əziyyət çəkir. Biz bunları hamımız məişətdə görürük, amma artıq bunların statistikasını BMT-nin qurumu da aparıb.

Bu gün vətəndaşlarımız üçün müalicə olunmaq problemə çevrilib. Səhiyyə sıradan çıxıb, insanlarımız xəstələndikdə dərman almağa imkan tapa bilmirlər. Bunu rəqəmlər də göstərir.

Hakimiyyət həqiqətin gözünün içinə baxmağı bacarmalıdır

Ölkə üzrə istehlak – istifadə olunan malların miqdarı 47 faiz aşağı düşüb. Bunun səbəbi odur ki, devalvasiya nəticəsində manat iki dəfə qiymətdən düşüb. Yəni hər birimizin həyat səviyyəmiz xeyli dərəcədə pisləşib. Dövlət başçısı Nazirlər Kabineti ilə birlikdə toplanıb baş verən problemləri dərin analiz edib, düzgün çıxış yolları müəyyənləşdirməli idi. Necə olur ki, Azərbaycanda 2013-cü ildən sonra iqtisadiyyata guya 180 milyard dollar sərmaya qoyulub, – rəsmi statistika belə deyir – amma ölkənin bu günlərdə bütün qeyri-neft ixracat potensialı cəmi bir milyard dollardır. Təsəvvür edin, 10 milyonluq bir ölkənin iqtisadiyyatına 180 milyard dollar sərmaya qoyulur və nefti çıxanda cəmi 1 milyardlıq mal satmaq imkanımız olur. Necə baş verib bu? Məgər bu, bir ilin içində baş verib? Azərbaycan hakimiyyəti həqiqətin gözünün içinə baxmağı bacarmalıdır. Uzun illər ərzində davam etmiş korrupsiya, monopoliya, rəqabətsizlik mühiti, oğurluq, mənimsəmə, büdcə vəsaitlərininin talan edilməsi, məmur özbaşnalığı və asan pullarla məmurların əldə etdiyi sərvətlərin yaratdığı harınlıq müqabilində real iqtisadiyyatla məşğul olmayıblar. Heç olmasa, bu gün gərək analiz edəydilər ki, niyə görə bizim iqtisadiyyatımız bu vəziyyətə düşüb, biz hansı addımları atmalıyıq ki, həmin problemləri həll edək. Çox təəssüf ki, mən baş verənlərə adekvat reaksiya görmədim. Yenə İlham Əliyevin çıxışında iqtisadi çətinliklərə olduqca səthi bir münasibət gördüm. Baş verənlərin səbəbinin üstündən keçmə istəyi gördüm.

Ölkədə bu böyüklükdə problemlər yaranıb, ÜDM iki il ərzində iki dəfədən də aşağı düşüb, büdcə iki il ərzində 3 dəfəyə yaxın azalıb, ölkə başçısı fikirləşir ki, inzibati qaydada may ayında əkilən pambıq sahələrinin hesabına ölkəyə valyuta gələcək, tut ağacı tinkləri əkiləcək ipəkçilik inkişaf edəcək, əlavə bir neçə min hektar sahədə tütün əkəcəklər, daha bir neçə min hektar sahədə çay əkəcəklər, bununla da Azərbaycanın problemləri həll olunacaq. Əgər belə asan idisə ötən 23 ildə bunu niyə etmədiniz?

Son illərdə Azərbaycanın dövlət büdcəsindən investisiyalara ayrılan vəsaitlər 6-8 milyarda çatıb. O zaman heç nə etməyiblərsə, bundan sonrakı nəticəyə ümid varmı?

Bu ilin dövlət büdcəsində investisiyalar üçün cəmi 3 milyard manat nəzərdə tutulub. Yeri gəlmişkən, bu rəqəm keçən il 6.9 milyard manat idi, bu il 2.3 dəfə ondan azdır. Amma bunun da icra olunmasının əlaməti yoxdur. İlk dörd aya görə yalnız 246 milyon manat investisiya qoyulub, bilirsiniz bu nə deməkdir? Bu templə getsə, ilin axırına kimi 740 milyon manat, lap uzaqbaşı, dekabrda ənənəvi olaraq artırıb Azərbaycan iqdisadiyyatına qoyduqları investisiyanı 1 milyon manata çatdıra bilərlər. Bu, hökumətin təkcə Monteneqroya qoyduğu vəsaitdən aşağıdır. 500 milyon avro hansısa fiziki şəxsin adından SOCAR qoyub, yəqin ki, o fiziki şəxsi mütəşəkkil cinayətkarlığı araşdıran jurnalistlər şəbəkəsi tapıb çıxaracaq. Biz rəsmən onu bilmirik kimin adından qoyulub o pullar, amma təsəvvür etmək çətin deyil ki, bunu kimlərin adından qoymaq olar. Üstəlik, həmin fiziki şəxsin turizmini inkişaf etdirmək üçün Monteneqro hökumətinə körpü tikintisinə görə 175 milyon avro verilir. Bu 675 milyon avro manatla ifadədə 1 milyard 160 milyon manat edir. Azərbaycana il ərzində bu qədər sərmaya qoyulmayacaq. Axı iqtisadiyyatı da, kənd təsərrüfatını da inkişaf etdirməkdən ötəri ilk növbədə sərmaya olmalıdır, pul qoyulmalıdır. Bu gün fermerin özünü dolandırmağa pul yoxdu. Həmin o qeyri-neft sektorunun, kənd təsərrüfatının maliyyələşmə mənbələri nə ola bilər?

2013-2014-cü illərlə müqayisədə dövlət investisiyaları təqribən 8-10 dəfə, xarici sərmayələr ilk 5 ayın nəticələrinə görə, 18 faiz azalıb. Daxildən hüquqi və fiziki şəxslərin Azərbaycana qoya biləcəyi investisiyalar 68 faiz azalıb. Ölkə iqtisadiyyatına indikindən 6,8,10 dəfə artıq investisiya qoyulanda sizin kənd təsərrüfatını, qeyri-neft sektorunu dirçəltmək bacarığınız olmayıbsa, indi Sumqayıtda 2 zavod tikməklə, Mingəçevirdə 3 fabrik açmaqla bu problemi həll edəcəksiniz?

Ölkənin nə qədər çətin durumda olduğunu təsəvvür etmirlər. Başa düşmürlər ki, ölkənin qapılarının taybatay açılması ilə bu vəziyyətdən çıxmaq olar. Nə etmək lazımdır? İlk növbədə korrupsiyanın qabağını almaq lazımdır. Bir fakt demək istəyirəm. 2006-cı ildən başlayaraq ölkənin Kənd Təsərrüfatı Nazirliyi süni mayalanma mərkəzinin tikintisi ilə bağlı işə başlamaq istəyir. Dörd dəfə bu mərkəzin tikintisinə pul ayrılıb. Axırıncı dəfə Prezidentin Ehtiyat Fondundan 8.2 milyon manat pul ayrıldı. 10 ildə bu mərkəzin tikilib başa çatması ilə bağlı 3 dəfə hesabat verilib, 4 dəfə pul ayrılıb və nəhayət, artıq 10 ildə 17 milyon manat bu mərkəzə pul ayrılıb. Hələ də mərkəz hazır deyil. Analoji süni mayalanma mərkəzini Özbəkistanda 700 min avroya tikiblər. Bir o qədər də onun avadanlıq xərcləri olub. Olsun 1 milyon 400 min avro, bu da eləsin təqribən 2-2.5 milyon manat. Biz isə 17 milyonla onu 10 ilə tikib qurtara bilməmişik. Bu korrupsiya ilə necə qeyri-neft sektorunu, kənd təsərrüfatını inkişaf etdirmək olar? Bunun qarşısı alınmalıdır. Dövlət başçısı bir kəlmə də bu barədə danışmadı.

Gürcüstan və Tükiyəyə gedən sərmayələrin həcmi milyardlarladır

Ölkə iqtisadiyyatını inkişafdan saxlayan ikinci amil inhisardır. Dövlət başçısı deyir ki, onda məlumat var ki, hansısa məmurun 30 min hektar torpaq sahəsi var. Məmurun da heç 30 min hektar torpaq sahəsi olar? Axı mövcud qanunvericiliyə görə məmur bizneslə məşğul ola bilməz? O,  30 min hektar torpaq sahəsini necə əldə edib? Təkcə bu faktın özü onun cinayət əməli ilə məşğul olduğunu göstərmirmi? Dövlət başçısı nə edir? Tədbir görürmü? Hüquq-mühafizə orqanlarından izahat istəyirmi? Qətiyyən. Əksinə Dövlət Əmlak Komitəsi açıqlayır ki, ölkənin 20 min nəfər zəngininin və 800 min nəfər digər təsərrüfat rəhbərlərinin təqribən eyni qədər torpaq sahəsi var. Monopoliya göz qabağındadır. İstixanalar bunların əlində, ölkədən ixracat imkanları bunların əlində, qablaşdırma yerləri bunların əlində, bazarlar öz nəzarətlərində. Heç bir sahədə nəzarət olmadan müstəqil fermer, müstəqil istehsalçı meydana girə bilməz. Bu monopoliyanın ləğv edilməsi ilə bağlı bir kəlmə söz dedimi, bir tapşırıq verildimi? Xeyr. Bəs ölkədə mülkiyyət hüququna təminat olmadan necə inkişaf ola bilər?

Yanlız bir neçə ilin ərzində Azərbaycandan gedən adamlar Türkiyədə 600 şirkət qurublar. Təkcə qonşularımız Gürcüstan və Tükiyəyə gedən sərmayələrin həcmi milyardlarladır. Mən hələ Avropa, Ukrayna, Rusiyanı demirəm. Niyə gedirlər burdan? Çünki orda məhkəmə var, burda yoxdur. Ora gedən iş adamı bilir ki, onun mübahisəsi yaransa, gedəcək məhkəməyə, normal vəkil tutacaq, onun əlindən heç kəs mülkiyyətini zorla ala bilməyəcək. Burda əmlakını dəyər-dəyməzə sataraq gedib Gürcüstanda, Türkiyədə, Ukraynada iş quran adam başa düşür ki, o ölkələrdəki hökumət reketliklə məşğul deyil, kiminsə əmlakını gəlib əlindən almayacaq. Dövlət başçısının çıxışında mülkiyyət hüququna təminatdan söhbət getdimi? Xeyr. Məhkəmə hakimiyyətinin müstəqilliyindən, ədalətli məhkəmə sisteminin qurulmağından söhbət getdimi? Yenə də xeyr. Rəqabət mühitinin formalaşmağından söhbət getdimi? Yenə də xeyr. Xarici investisiyalar üçün ölkənin qapılarının açılmağından söhbət getdimi? Yenə də getmədi. Bilə-bilə ki, xarici investisiyalar da gəlmir Azərbaycana. Hələ bu rəqəmlər ki, var, mən də dedim, dövlət rəsmiləri də istinad edir, nə qədər ölkə iqtisadiyyatına sərmayə qoyulub? O sərmayələrin 68 faizi bu gün də yenə neft sektoruna qoyulur. Bunlar çox uzun-uzun qeyri-neft sektorunun inkişafı barədə danışmağına baxmayın. Bu gün sərmayələrin yanlız 32 faizi qeyri-neft sektoruna qoyulur. Mən onun həcminin də nə qədər az olması barədə artıq fikrimi bildirdim. Çox təəssüf ki, hökumət rəhbərliyi, birbaşa olaraq, dövlət başçısı İlham Əliyev baş verən sosial-iqtisadi problemlərə peşəkarcasına, dərindən münasibət ifadə etmədi. Əlbəttə, dövlət başçısı hər şeyi bilməyə də bilər və onun müəyyən məsələlərlə bağlı yanaşması səthi ola bilər.

Amma onun komandasında iqtisadçılar var, nazirlər var, məsləhətçilər var. Mən şəxsən bu hökumətdə 3-4 nəfər tanıyıram, onların səviyyəsi imkan verir ki, başa düşsünlər, ölkə dəhşətli iqtisadi böhranın dibinə doğru yuvarlanır. Elə bil hissəyə ki, büdcə problemləri yaranacaq, manatın devalvasiyası yenidən gündəmə gələcək, hətta bu gün çətinliklə verilən maaş və pensiyaların təminatında problemlər yaranacaq, dövlət şirkətlərində problemlər yaranacaq, xarici borclar dəhşətli dərəcədə artacaq. Hökumətdə bunu dərk edən adamlar var. Niyə onlar bu barədə danışmırlar, niyə İlham Əliyevi məlumatlandırmırlar, niyə daha dərindən tədbirlər görülməyə səylər göstərilmir? Mən belə baş düşürəm, dövlət başçısı ətrafında o mühiti yaratmayıb, görünür, adamlar qorxurlar, canlarının salamat olmağını istəyirlər. Heç kim ölkənin gələcəyi üçün acı həqiqətləri demək istəmir. Biz isə müxalifət olduğumuz üçün bizim dediyimiz acı həqiqətlər qəbul edilmir. Heç olmasa, dinləyib nəticə çıxarmırlar ki, başa düşsünlər, bu ölkəni hansı iqtisadi fəlakətə aparıb çıxarırlar.

Bax biz belə bir durumdayıq və belə bir durumda Azərbaycan hakimiyyəti məsuliyyətsizcəsinə ölkəni indikindən daha çətin bir dövrə aparır. Dediklərimi sübut edəcək bir neçə rəqəm də ifadə etmək istəyirəm. Bu ilin dövlət büdcəsinə mart ayında 1 milyard 300 milyon manata yaxın pul toplanıb, aprel ayında bu düşüb bir milyarda, 30 faiz azalıb. May ayında 740 milyona düşüb, iyun ayının nəticəsinə görə isə 680 milyon olub. Tendensiyaya baxın. 3 ayın ərzində dövlət büdcəsinə toplanan pulların miqdarı 1 milyard 300 milyondan 680 milyona enib. Az qala, 2 dəfə aşağı düşüb. Bu gedişlə heç azaldılmış büdcəni də yerinə yetirə bilməyəcəklər. Hətta, dövlət öz sosial vəzifələrinin də öhdəsindən gələ bilməyəcək.

Ölkəni dəhşətli dərəcədə borc bataqlığına salırlar. Ölkənin borcları artır. Bir tərəfdən də ÜDM aşağı düşür. Bir var ki, 75 milyard dollar ÜDM olsun, onun içində 6-7 milyard xarici borc, o da eləsin 7-8 faiz. Bir də var ki, həmin Ümumi Daxili Məhsul 75 milyarddan 35-40 civarına düşür, digər tərəfədən də artıq xarici borclar 25 milyarda çatır. Deməli, söhbət təxminən 75 faizdən gedir. Keçən ilki statistika ilə söhbət 48 faizdən gedirdi. Amma indi əlim yandıda bütün qapıları döyüb borc axtarırlar, artıq ilin əvvəlindən 4-5 milyard yeni borca giriblər. Daha 5-6 milyardı ciddi cəhdlə axtarırlar. Ölkənin nə qədər borc almaq potensialı var, hamısını alıb, ölkəni də bu borcların yükü altında buraxmaq istəyirlər. Bu gedişlə Azərbaycanın xarici borcları qısa zamanda ÜDM-in həcminə gəlib çatacaq.

Çıxış yolları var və biz onu tapmağa qadirik

Bunların hamısını niyə detallı şəkildə vətəndaşlarımıza izah etmək istəyirəm? Biz hamımız məsuliyyət daşıyırıq. Əlbəttə, bir müxalifət lideri olaraq, mən də öz məsuliyyətimi başa düşürəm. Amma açıq şəkildə onu da etiraf edirəm ki, nə ayrı-ayrı şəxs, nə ayrı-ayrı partiyalar, heç bütövlükdə müxalifət bizim hamılıqla dəstəyimiz olmadan bu problemlərin həllinə nail ola bilməz. Biz elə dəhşətli problemlə üz-üzə qalmışıq ki, buradan çıxış böyük xalq hərəkatı ilə olacaq. Yanlız millət qərarını verəndə ki, doğurdan da bizi idarə edənlər öz acgözlüklərinə, bacarıqsızlıqlarına görə bizi bataqlığa sürükləyir və bu hökumətlə bu problemlərə çarə yoxdur, amma biz daha yaxşı həyata layiqik qənaətinə gələndən sonra bizim hamımızın imkanı olacaq ki, əl-ələ verərək birlikdə çıxış yollarını axtaraq. Həmin çıxış yolları var və biz onu tapmağa qadirik. Amma bunun üçün böyük bir xalq hərəkatı olmalıdır. O olmayana qədər bizim həyatımız çətinləşməkdə davam edəcək. Bu günlərdə elə elektrik enerjisinin qiymətini qaldırdılar. Bir kilovat-saat bir qəpik artıb deyərək üstündən keçməyin. Üst-üstə həmin bu qiymət artımı nəticəsində azərbaycanlılar ildə 170 milyon manat əlavə pul ödəyəcəklər. Ölkədə 2.5 milyon ailə olduğunu nəzərə alsaq, bu o deməkdir ki, təkcə 1 qəpiklik artım hesabına hər ailənin xərci 7-8 manat artdı. Bundan əvvəl su puluna da qaldırmışdılar. Elektrik enerjisi, su pulunun qiyməti qalxıbsa, bütün başqa malların qiyməti də bugün-sabah qalxacaq. Tarif Şurası hazırdır. Biz dözdükcə, hüquqlarımız uğrunda mübarizə aparmadıqca, bizə deyilən nağıllara inandıqca, gözümüzlə gördüyümüzə yox, bizə sırınan yalanlara inandıqca, bizə zülm etməkdə davam edəcəklər. Taleyimiz öz əlimizdədir, əgər toparlansaq, təşkilatlansaq, millət olaraq bu həyatı özümüzə rəva görməsək, bütün başqa xalqlar kimi biz də birlikdə məsləhətləşərək, çarə taparıq.



Oxşar Yazılar