XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

11 Yanvar 2017 - 23:12

Bəs iqtisadi və sosial göstəricilər Əliyevin bəyanatı haqda nə deyir?

nemet-eliyev

Nemət Əliyev

Dünən İlham Əliyevin sədrliyi ilə ənənəvi hökumət müşavirələrindən biri də keçirildi. Müşavirə 2016-cı ilə yekun vururdu. Doğrusu, ictimaiyyətin gözünə kül üfürülməsinə çox təəssüf etdim. Guya ötən il böhran durdurulub. Bəs iqtisadi və sosial göstəricilər bu haqda nə deyir? Gerçək vəziyyət necədir?

2014, 2015 və 2016-cı illərə aid 11 aylıq sosial-iqtisadi göstəricilərin müqayisəli təhlilindən çıxan aşağıdakı nəticələri nəzərinizə çatdırıram. Fikrimcə, bu nəticələr 2016-cı ilin gerçək mənzərəsi haqqında daha dolğun təsəvvür yaratmağa kömək edəcək (illik göstəricilər açıqlanmadığına görə bu yazıda 11 aylıq göstəricilərə istinad olunub).

1) Son 2 ildə ÜDM göstəricisi üzrə gəlirlər 34,5 milyard dollar məbləğində azalıb (faktiki bazar qiymətləri ilə). Ümumi azalmanın 18,5 milyard dolları qeyri-neft sahələrində əmələ gəlib. Buradakı azalmanın əgər 7 milyard dolları 2015-ci ilin hesabınadırsa, 11,5 milyard dolları 2016-cı ilin hesabınadır. Yəni, 2016-cı ildə qeyri-neft sektorunda gəlirlərin azalması 1,7 dəfə sürətlənib. Deməli, bu göstərici üzrə tendensiya 2016-cı ildə kəskin şəkildə üzü aşağıya istiqamət götürüb.

2) Əgər qeyri-neft sektoruna 2014-cü ildə 12 milyard dollar məbləğində kapital yatırımı həyata keçirilmişdirsə, bu göstərici 2015-ci ildə 8 milyard dollara, 2016-cı ildə 3 milyard dollara düşmüşdür. Yəni, bu göstərici üzrə itki məbləği 2016-cı ildə əlavə olaraq 1 milyard dollar və ya 25% artmışdır. Son iki ildə investisiyalar emal sahələrində 80%, qeyri-neft sənayesində 69%, kənd təsərrüfatında isə 60% azalıb. Bu sahələrdə əmələ gələn itkilərin uyğun olaraq 75%-i, 55%-i və 93%-i 2016-cı ilin payına düşüb. Deməli, xüsusən də qeyri-neft sahələrində “kapital qoyuluşu” göstəricisi üzrə trend 2016-cı ildə üzü aşağıya doğru kəskin istiqamət dəyişib.

3) 2014-cü ildə 24-25 milyard dollarlıq dövlət büdcəsi 2015-ci ildə 17 milyard dollara (fakt), 2016-cı ildə 9 milyard dollara (gözlənti) düşüb. Deməli, dövlət büdcəsi 2015-ci ildə 7 milyard dollar məbləğində kiçilibsə, 2016-cı ildə daha 8 milyard dollar kiçilib. Bu qədər kiçilmiş büdcə ilə ciddi iqtisadi və sosial töfhələr verməyin mümkünlüyü şübhə doğurur.

4) İstehlak bazarının ölçüləri son iki ildə 12 milyard dollar və ya 35% həcmində daralıb. Bu qədər daralmanın 4 milyard dolları 2015-ci ilin payına düşübsə, 8 milyard dolları 2016-cı ilin payına düşüb. Yəni, sonuncu ildə ölçülərin kiçilməsi 2 dəfə sürətlənib.

5) Son iki ildə əhali gəlirləri 18 milyard dollara yaxın azalıb. Əgər bu azalmanın 7 milyardı 2015-ci ildə yaranıbsa, 11 milyardı 2016-cı ildə yaranıb. Yəni, iki illik itkilərin 62 faizi 2016-cı ilin hesabınadır.

6) Orta aylıq əmək haqqı 2014-cü ildə 566 dollar, 2015-ci ildə 462 dollar, 2016-cı ildə 314 dollar olub. Deməli, son iki ildə orta aylıq əmək haqqı 252 dollar düşüb. Azalmanın 104 dolları 2015-ci ilin payınadırsa, 148 dolları 2016-cı ilin payınadır. Deməli, 59% azalma 2016-cı ilin hesabınadır (Qeyd: Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsi üzrə hesablamalar göstərir ki, orta aylıq əmək haqqı hazırda 278 dollara qədər düşüb). Bu göstərici üzrə tendensiya bu gün də pisləşməkdə davam edir.

7) Yalnız 2016-cı ilin 10 ayında 6 milyard manat məbləğində kredit resursu ölkə iqtisadiyyatını tərk edib. Burada diqqəti cəlb edən təhlükəli tendensiya ondan ibarətdir ki, geri çəkilən kreditlər təkrarən iqtisadiyata dönmür. Belə vəziyyət iqtisadi fəallığın kəskin şəkildə zəifləməsinə səbəb olmaqla sosial-məişət problemlərinin miqyasını daha da böyüdüb. Manatın ucuzlaşmasının təsiri ilə dövriyyədə qalan kredit resurslarının alıcılıq qabiliyyətini itirməsi daha böyük problemlərə yol açır.

8) Əmanət və depozitlər bu gün də bank sistemini tərk etməkdədir. Yalnız ötən ilin oktyabr ayında əhali xarici valyuta şəklində saxladığı əmanətlərin 268 milyon dollarını, manat şəklində saxladığı əmanətlərin isə 28 milyon manatını bank sistemindən çıxarmaq məcburiyyətində qalıb. Bu bir ayda maliyyə təşkilatları xarici valyuta depozitlərinin 350 milyon dollarını, manat depozitlərinin isə 36 milyon manatını banklardan geri çəkib. Deməli, ötən il banklara və milli valyutaya inam sarsılmaqda davam edib.

9) Müşavirədə anonsu verilən məlumata görə xarici dövlət borcu 8 milyard dollara qədər artıb. Belə isə, məlum olur ki, yalnız 2016-cı ildə xarici dövlət borcu 1 milyard dollardan çox və ya 16% artıb. Mərkəzi Bankın bu günə olan rəsmi məzənnəsi ilə (1,7742) hesablama aparsaq, xarici dövlət borcunun ÜDM-də payının 24%-in üzərinə qalxdığı məlum olar. Bu hesabla ümumi dövlət borcu 40%-ə yaxınlaşır.

10) Xarici ölkələrlə həyata keçirilmiş “Cari Əməliyyatlar” üzrə əgər 2015-ci ildə 222 milyon dollar məbləğində kəsir yaranmışdırsa, 2016-ci ilin ilk 9 ayında kəsir məbləği 1,1 milyard dolları üstələmişdir. Deməli, bu hesab üzrə 2016-cı ilin 9 aylıq valyuta itkiləri 2015-ci ilin illik göstəricisinə nəzərən 5 dəfədən çox artıb. Ötən ilin 9 aylıq tədiyyə balansından aydın olur ki, ölkədən xaricə maliyyə-kapital axınları ölkəyə daxil olan maliyyə-kapital axınlarını 2 milyard dollara qədər üstələyib. Xaricə kapital axınının sürətlənməsi ölkədəki əlverişsiz investisiya mühiti ilə birbaşa əlaqədardır. İxrac mallarının strukturunda neft-qaz mallarının xüsusi çəkisi (92%-ə yaxın) hələ də yüksək olaraq qalmaqdadır. Qeyri neft-qaz malları ilə xarici ticarətdə idxal ixracı 6 dəfədən çox üstələyir. Bu mallarla 9 aylıq ticarətdə ölkəmiz 4 milyard dollardan çox valyuta itkisi verib.

Beləliklə, təhlil və müqayisələr göstərir ki, yuxarıda sadalanan makroiqtisadi göstəricilər üzrə tendensiyalar 2015-ci ilə nəzərən 2016-cı ildə daha da pisləşib.

Ötən il korrupsiyanın, monopoliyanın, haqsız rəqabətin qarşısının alınmasında ciddi addımların da şahidi ola bilmədik. Qanunsuzluğun, məmur və məhkəmə özbaşınalığının sərhədləri 2016-da daha da böyüdü. İl ərzində minlərlə iş yerləri bağlandı, əmək haqları və təqaüdlərin verilməsində gecikmələr yaşandı. Əmək haqları, pensiyaların, müavinətlərin məbləğində gözəgəlimli artımlar diqqət çəkməsə də, bazarlarda hamını həyəcanlandıran bahalaşma ayaq açdı. Hökumət tərəfindən suyun, elektrik enerjisinin, təbii qazın qiymətlərinin bahalaşdırılması və manatın məzənnəsinin ucuzlaşdırılması inflyasiya səviyyəsini daha da yüksəltdi. Belə vəziyyət, şübhəsiz ki, əhalinin həyat səviyyəsinin kəskin pisləşməsi ilə müşayiət olundu.

Makroiqtisadi göstəricilər bu qədər pisləşmişkən və ya tənəzzülün sərhədləri daha da böyümüşkən böhranın durdurulması haqqında təsəvvür və ya fikirlərin hökumət müşavirəsinə ayaq açması həm təəssüf, həm təəccüb, həm də xeyli maraqlı suallar doğurur. Hər bir halda müşavirədə səslənən fikirlərin əksinə olaraq tam əminliklə demək mümükündür ki, sosial-iqtisadi vəziyyət ötən il daha da ağırlaşıb.

2017-ci ilə bu qədər ağır şərtlər altında daxil olmuşuq. Odur ki, 2017-ci illə bağlı səslənən inkişaf nağıllarına da ümid bəsləməyə əsas yoxdur. Əlbəttə ki, 2016-cı ildə heç olmasa, əməli və ciddi islahatların əsasını qoymaq olardı. Ancaq bu baş vermədi. Bu baxımdan ötən bir illik zaman iqtisadi və sosial sahələri bürümüş tənəzzülün durdurulması baxımından itirilmiş vaxt kimi dəyərləndirilməlidir.

Yazı iqtisadçı-ekspertin facebook səhifəsindən götürülüb

Kend.info



Oxşar Yazılar