XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

05 Dekabr 2016 - 01:11

Bitməyən həsrət

                  sekil

 

(hekayə-oçerk)

 

1992-ci ilin may ayı idi.Günəş öz ilıq şüalarını ətrafa yaymışdı.Xəfif bir külək ağacların yarpaqlarını sığallayırdı.Bu gözəl,günəşli bir gündə Hacıhətəmli kənd orta məktəbində dərs gedirdi.Ədəbiyyat dərsi idi onbirincilərin.Həm də məktəbdə keçirdikləri axırıncı günlərdi.İkinci sırada oturmuş Ayaz gözlərini açıq pəncərədən bayıra zilləyib düşünürdü.Pəncərədən işəri dolan meh onun qıvrım saçlarına sığal çəkdi,ruhuna bir sərinlik,yüngüllük gətirdi.Aytəkin müəllimənin söylədiyi sözlər onun ürəyinə,beyninə həkk olunmuşdu.Onlar indiyə kimi Ayazın ürəyində gəzdirdiyi hisslərdi,müəlliminin dilində təzahür etmişdi.O,düşüncələrini sona yetirdi.Öz fikirlərini, müəlliminin söylədiklərini beynində cəmləşdirib inşa yazısına başladı.Qəlbindən keçən ən səmimi hissləri dəftərə köçürdü.”Vətənsiz insan yuvasız quşa bənzər.Vətən bizim üçün hər şeydən əzizdir.Torpağın uğrunda ölən,canını verən igid övladları yoxdursa,o torpaq vətən deyil.Mən Azərbaycan torpağında doğulub-böyümüşəm.Bu torpaq mənə anadır.Vətənimi qorumaq,onun layiqli övladı olmaq üçün canımdan belə keçməyə hazıram…”

O,1975-ci ildə Hacıhətəmli kəndində anadan olmuşdu.Orta məktəbi də elə bu kənddə bitirmişdi.1993-cü ilin oktyabr ayından hərbi xidmətə,Qarabağ savaşına yollandı.1994-cü ilin yanvar ayının beşindən 702 saylı hərbi hissənin tərkibində Fizuli rayon ərazisində ermənilərlə döyüşə göndərilmişdir.Buradan onun döyüş yolu başlandı.Bir çox döyüşlərdə iştirak etdi.Hər dəfə də öz canını düşünməyib qızğın döyüş yerlərində özünü odun-alovun içinə atdı.Heç vaxt qəlbində qorxu hissi olmadı.İndi onun ürəyində yalnız bir arzu,istək vardı:torpaqlarımızı yağının tapdağından azad etmək,qələbə çalmaq!O,bu müqəddəs amal uğrunda vuruşurdu.O,döyüşlərdə,od-alovun içində olarkən evdə onun yolunu gözləyənləri düşünürdü.Qəlbindəki həsrətə bu kəlmələrlə son verirdi:”Yox,mən onların yanına qayıtsam,yalnız qalib əsgər kimi qayıdacağam!”

Ayaz 1994-cü ildə yanvar ayının 26-da Fizuli rayonunun Abdürrəhmanlı kəndi uğrunda döyüşə getdi.Döyüş dostları onun bu döyüşdə ayağından yaralandığını söylədilər.Bu onun axırıncı döyüşü oldu.Ayaz nağılların,əfsanələrin qəhrəmanına çevrilib xəyallara qarışdı.O vaxtdan bəri onun üzünü görən,haqqında bir məlumat verən olmadı.Atası Həbulla kişi 1942-1946-cı illərdə faşizmə qarşı mübarizədə iştirak etmişdi.Döyüşdə fərqləndiyinə görə iki dəfə”Qırmızı ulduz”ordeninə layiq görüldü.Ailə qurub övladlarını da vətən məhəbbəti ilə böyütdü.Oğlunun yox olması xəbəri atanın qəddini əydi.Həbulla kişinin gəzmədiyi yer qalmadı.Yüzlərlə

cəbhə xəttini gəzdi,axtardı.Ürəyinin ağrısını zorla udub naməlum qəbirlərə də baxdı.Oğul həsrəti ürəyində qövr etdi,onu yandırıb yaxdı,göz yaşlarına dönüb bulaq tək axdı.Oğlunu tapmaq ümidi ilə uzaq yollara çıxan atanın göz yaşından,qəm-qüssədən dumanlanan gözləri heç nə görmədi,dəfələrlə avtomobil qəzasına düşdü.Bütün bunlardan yalnız o ümidlə çıxdı ki,oğluna qovuşacaq.

Günlər bir-birini əvəz etdi.Həbulla kişinin evindən,ailəsindən göz yaşları,qəm,kədər,həsrət əksik olmadı.Gözləri hələ də yollarda qalan qoca ata-ananın yeganə təsəllisi budur ki,onların oğlu vətən uğrunda döyüşüb.Ayaza şəhid statusu verilsə də,ata-anası qəmgin baxışlarını hələ də yollara dikib gözləyirlər.Hərdən onun erməni əsirliyində olması barədə məlumatlar gəlirdi.Bu isə qocaların qəlbində közərən ümid qığılcımlarını daha da alovlandırır.Onlar inanırlar ki,həqiqətən bir gün sevincdən göz yaşları içində boğula-boğula Ayazın boynuna sarılacaqlar.Aradan iyirmi iki il ötsə belə!..

Çiskinli,boranlı bir payız səhəri…Duman hər tərəfi bürümüş,təbiətə qəm-qüssədən biçilmiş don geydirmişdi.Elmira ana tezdən qalxıb ev işləri ilə məşğuldu.Qəlbində əziz oğlunun xatirələri ilə danışırdı.Bəli,neçə il əvvəl o hər səhər beləcə tezdən durub Ayazın çay-çörəyini hazırlayar,onu məktəbə yola salardı.O günlər indi onun üçün əziz xatirəyə dönmüşdü.Qəhər onu boğdu.Özünü ələ aldı,ağlamadı.Bu zaman qəfildən eşitdiyi hönkürtü səsi onu yerindən baltaladı.Gözləri qaranlıq gətirdi.İçəri otağın qapısına yaxınlaşdı.Əri Həbulla kişi yatağının içində oturub iri,damarları çıxmış sərt əlləri ilə gözünün yaşını silir,dərdli-dərdli,ürəkdən ağlayırdı.Ağ saşlı başı titrəyir,arıq çiyinləri əsirdi.O,bütün gecəni yatmamış,düşünmüş,yorğanı üzünə qaldırıb səssiz-səssiz ağlamışdı.

Həbulla kişi öz taleyində çox ağır günlər,məşəqqətlər görmüşdü,saysız-hesabsız faciələrlə,çətinliklərlə üzləşmişdi,qorxmamışdı,sinmamışdı,geri çəkilməmişdi,ağlamamışdı.

Gəncliyi müharibə od-alovunda keçmişdi.1942-ci ildə 18 yaşında cəbhəyə yollanmışdı.Bir il əvvəl faşistlərin ölkəmizə hücüm etdiyi ilk aylarda böyük oğlu Həmidi ölüm-dirim savaşına yollayan Nazı ana oğlu Həbullanı da xeyir-dualarla düşmən üstünə göndərdi…”Oğul,kişi kimi vuruş,qeyrət-namusumuzu qorumaq sizin qismətinizə düşüb”.

O,mərdliklə vuruşdu,azərbaycanlılardan ibarət 223-cü diviziyanın tərkibində böyük və çətin döyüş yolu keçdi-Qafqazdan Budapeştədək.Hər anı ölüm saçan bu savaşda ölümdən belə qorxmayan,sarsılmayan Həbulla kişi indi göz yaşları içində bir daha o anları xatırladı…

…Dnepri keçərkən ağır döyüşlər gedirdi,cəbhəyə,ön xəttə ərzaq çatdıra bilmirdilər.20 gün çörəksiz qaldılar,lakin nə ruhdan,nə gücdən düşməmişdilər…Təki düşmənə qalib gələk…

…Hücüma keçmişdilər,faşistləri qovurdular.O,piyadaçı kimi çiynində pülemyot,əsgər çantası,50 kilodan ağır yük gündə 50-70 km yol gedirdi,döyüş yolu,vuruşa-vuruşa.Hətta bir gündə 80 km irəliləmişdilər də.Heç yorulmamışdı.Təki torpağımızı yağıdan xilas edək…

Bax indi titrəyən əlləri ilə düşməni atəşə tuturdu,bu ayaqlarla neçə ölkənin torpağını tapdalamışdı,faşıstlərdən azad etmişdi.Nə yorulmamışdı,nə də ruhdan düşməmişdi.Döyüş yolu Ukrayna,Moldova,Ruminiya,Bolqarıstan,Yuqoslaviya,Macarıstandan keçdi.Dəfələrlə yaralanmışdı,müalicə olunub yenidən cəbhəyə dönmüşdü.Qəhrəmanlığını qiymətləndirmişdilər.İki dəfə “Qırmızı Ulduz”ordeni ilə təltif olunmuşdu.Əgər üçüncüsünü də alsaydı Sovet İttifaqı Qəhrəmanı adını verəcəkdilər.O,elə qəhrəman kimi qayıtmaq istəyirdi.Kənddə halallığın,düzgünlüyün təcəssümü sayılan atası Dosməmməd kişinin,mərdliyinə,ötkəmliyinə görə “İkinci Stalin” kimi çağrılan Nazı ananın yanına üzü ağ,əsl qəhrəman kimi dönmək arzusundaydı.Təəssüf ki,1944-cü ilin dekabrında Budapeşt uğrunda gedən döyüşlərdə faşist güllələri onu haqladı,ağır yaralandı,doqquz ay Yuqoslaviyanın Belqrad,Subbotisa şəhərlərində müalicə olundu,qələbə xəbərini də hospitalda eşitdi.Qürbət eldə o ağrılar da onu ağlatmamışdı.

…1946-cı ildə evə döndü,cəmi 22 yaşı vardı,amma görənlər ona 45-50 yaş verirdi.Dörd illik ağır cəbhə həyatı öz möhürünü vurmuşdu.Həm baxışlarına,xarakterinə,həm də zahiri görünüşünə.Bütün bunlara təəssüflənməmişdi,əksinə qürür hissi keçirmişdi,çünki borcunu yerinə yetirmişdi.

…Müharibədən sonra təsərrüfatda çalışdı,ağrılar,çətinliklər çox gördü,aclıq illərini mətinliklə yaşadı,heç uf da demədi,taleyinə kəc baxmadı,qismətinə qane oldu,şükranləq etdi.

…Mehriban ailəsi ona atxa olub.Bu mehribanlıq bulaq suyu tək lap dərinlərdən qaynaqlanırdı.Bu ocaq kənddə-kəsəkdə mehribanlıq,xeyir-bərəkət timsalıydı.Qardaşları Həmid,Soltan,Ağabəyin ailələri ilə bir damın altında yaşamışdılar.Heç vaxt səs-küy,dava-dalaş görməmişdilər,böyük-kiçik öz yerini bilirdi,hər şey xətir-hörmətə söykənirdi.Qarşılıqlı hörmət,məhəbbət onlara bütün ağrı-acını unutdururdu.Həyatın fəlsəfəsiydi bu-mehribanlıq,səmimiyyət…

…Həqiqətdə bir qəhrəman ömrü yaşamış Həbulla kişi indi oğlu Ayazın qara xəbərindən sarsılmışdı.Oğul dərdiydi dərdi.Habil,Eynulla,Dosmməmməd kimi oğulları var,onun çırağını yandıracaqlar.Təkcə Ayaz dərdi olmayaydı…

İndi ürəyində qövr eyləyən dərdini gizlədə bilməmişdi.Daha haray salan,fəryad qoparan ürəyinin səsini içinə sala bilmirdi.Arvadı onu bu halda görüb qəlbi parçalandı.Həyəcandan dizləri əsdi və qapının yanında yerə çökdü.Göz yaşları qaynadı,axıb üzünü yandırdı.Onların göz yaşlarında dağ boyda həsrət,kədər vardı.Bu ananı,səksən bir yaşlı bu qoca atanı belə ağladan dərd oğul dərdi idi.Bu dağ boyda həsrət bitmək bilmirdi ki,bilmirdi.

Ayazın təhsil aldığı Hacıhətəmli kənd orta məktəbində foyedə üzü qapıya sarı divardan bir şəkil asılıb.O şəkil nigaran baxışlarını qapıya,-yola dikib elə hey baxır.Gözləri yol çəkən bu şəklin qarşısında hamı ehtiramla baş əyir.O şəklin baxışlarındakı qəm-qüssə,nisgil bizə çox suallar verir və bizdən cavab almadıqda yenə baxışlarını ucsuz-bucaqsız yollara dikib durur.O şəkil Ayazın şəklidir.O,özü öz yolunu gözləyir,bitməyən,tükənməyən bir həsrətlə…

 

 

Aytən Ağasəlimqızı.

 



Oxşar Yazılar