XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

03 Noyabr 2016 - 01:02

Cibnamə

molla 

 Satira.

 

Öyrəşibdi pul iyinə

İndi tamam boşdu cibim.

Pul istədi verəmmədim

Şıllaq atıb coşdu cibim.

 

Dedi:-Kişi,pul qoy bura!

Nəzər yetir tez-tez bura.

Qoyduğunu bol qoy bura

Xəcalətdən yaşdı cibim.

 

Maaş hələ gec olacaq

Gec olacaq,güc olacaq.

Cibim mənlə kəc olacaq

Kəllə atır,qoçdu cibim.

 

Tutub burdu biləyimi

Yerə vurdu kürəyimi.

Xəncər kimi ürəyimi

Neçə yerdən deşdi cibim.

 

Cib yanında əlim qısa,

Söz deməyə dilim qısa.

Ha söylədim yaramaza

Qanadlanıb uçdu cibim.

 

Tək günahkar bildi məni

Puldan ötrü diddi məni.

Alıb tamam getdi məni

Uçdu,sanki quşdu cibim.

 

Çox yalvardı pul olmadı,

Pul tapmağa yol olmadı.

Ciblə günüm qalma-qaldı

Axır bezib qaçdı cibim.

 

Dilə gəldi arvad-uşaq

Cibim mənlə tutdu qurşaq.

Əvvəl asta,sonra qoçaq

Yıxıb məni eşdi cibim.

 

Yumruq atdı,şillə atdı

Yayındırıb kəllə atdı.

Bu da belə bir cür zatdı

Altdan,üstdən keçdi cibim.

Pul-pul deyib qalxdı zilə

Mən yetimə qurdu tələ.

Əhvalımı bilə-bilə

Neçə arxa qoşdu cibim.

 

Etdi mənlə xeyli dava

Göydə uçdu boşqab,tava.

Utanmadı yava-yava

Xoruldayıb daşdı cibim.

 

Çox yerlərə ismarladı

Pul almağa israrlıdı.

Əl-qolumu mismarladı:

Gör nələrə tuşdu cibim.

 

Dostluğun bu qədər imiş?

Pulsuzluq lap betər imiş.

Demə hər şey gedər imiş

Hikkəsindən şişdi cibim.

 

Pulu yoxdur ətək-ətək

Müəllimə cib nə gərək?

Qaş-gözünü əsdirərək

Yumbalanıb düşdü cibim.

 

Çox bağırdı arsız-arsız

Durub baxdım ixtiyarsız.

Tüstülədi bu damarsız

Öz oduna bişdi cibim.

 

Bəla gördü öz nəfsindən

Ocaq çatdı istisindən

Göz yaşardı tüstüsündən

Lap turşumuş borşdu cibim.

 

Daha məni salmır saya,

Təkcə gedir yasa,toya.

Özün elə dartır guya

Prezident Corc Buşdu cibim.

 

Ay sürtülmüş padoş cibim

Min bir sifət qaloş cibim.

Xəstə cibim,naxoş cibim

Demə tamam puçdu cibim.

 

Maaş çatmır suya,qaza

Ümid qalıb yaya,yaza.

Özün dartır yaman naza

Deyir mənə xoşdu cibim.

 

Dost olmusan pullu ələ

Öyrəşmisən vara,gələ.

Nə bilirsən innən belə

Nələr olar suçlu cibim.

 

Çırtma vursan çıxmaz qanı

Gəl ay Xalıq,sən də tanı.

Acığından çıxdı canı

Gördüm yerdə leşdi cibim.

 

 

Xalıq Yusifoğlu.



Oxşar Yazılar