XƏBƏR LENTİ

19 Yanvar 2017
18 Yanvar 2017

12 Yanvar 2017 - 11:03

Dünya hesabatı: Azərbaycan hakimiyyəti repressiyaları dayandırmır

human-rights-watch-300x225

Human Rights Watch təşkilatının 2016-cı il üçün Dünya Hesabatı (World Report 2016) açıqlanıb.

Bu hesabatda dünyanın 90 ölkə və ərazisində insan haqlarının 2016-ci il ərzində vəziyyəti və bu sahədə hökumətlərin fəaliyyəti təhlil edilir.

Hesabatın bir fəsli də Azərbaycana həsr olunub.

Burada deyilir ki, Azərbaycan hakimiyyəti 2016-cı ildə də fərqli səsləri boğmaqla, bir vaxtlar canlı və müstəqil olan vətəndaş cəmiyyətini daha ağır vəziyyətə salıb.

Hesabatda deyilir ki, hakimiyyət siyasi motivlərlə məhkum edilmiş 17 insan haqları fəalı, jurnalist və siyasi fəalı həbsxanadan azad edib, lakin elə 2016-cı ildə həbs olunanlarla birlikdə azı 25 hökumət tənqidçisi dəmir barmaqlıqlar arxasında qalıb.

Məhdudlaşdırıcı qanunlar ölkədə QHT-lərin fəaliyyətini hələ də mümkünsüz edir.

Bütün il ərzində məhbuslar və saxlananlara işgəncələrin tətbiq olunduğu və pis rəftar edildiyi barədə xəbərlər gəlməkdə davam edir.

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatı Azərbaycanın bu qurumdakı tam üzvlüyünü bərpa etməkdən imtina edib.

Təşkilat Azərbaycana özünün məhdudlaşdırıcı qanuvericiliyini islah etməsi üçün 4 ay vaxt qoyub.

Hesabatda deyilir ki, Azərbaycanda hakimiyyət tənqidçilərinin təqibləri və mühakimələri fasiləsiz olaraq davam etdirilir.

Əfv ədalət deyil

Bu da qeyd olunur ki, hətta ötən martda İlham Əliyevin həbsxanadan azad etdiyi 13 jurnalist barədə də qondarma siyasi motivli ittihamlar qaldırılmayıb.

Bundan əlavə yalnız prezidentin əfv fərmanı ilə azad olunanların əksəriyyətinin üzərində səfər qadağanı qalmaqda davam edir.

Həbsxanadan azad edilmiş jurnalistlər üçün peşə fəaliyyətlərini bərpa etmək də təhlükəli olaraq qalır.

Məhz buna görə də həbxanadan azad edilmiş hüquqşünas İntiqam Əliyev, jurnalistlər Rauf Miqrqədirov və Xədicə İsmayılova həbsxanadan azad olunsalar da, heç bir xarici ölkəyə səfər edə bilmirlər.

Onların barəsindəki cinayət işlərinə də xitam verilməyib.

REAL hərəkatının lideri İlqar Məmmədov onun barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarı olsa da, həbsxanadan azad olunmur.

Gənc fəallar İlkin Rüstəmzadə, Murad Adilov, jurnalist Seymur Həzi və blogger Abdul Adilov hələ də həbsxanadadırlar.

Yeni həbslər və yeni ittihamlar

Hesabatda deyilir ki, ötən ilin avqustunda, konsitusiya referendumunun ərəfəsində hökumət səkkiz fəalı narkotik maddə, xuliqanlıq, qızışdırıcılıq və qanunsuz biznes fəaliyyəti də daxil saxta və siyasi motivli ittihamlarla həbs edib.

Bundan başqa hakimiyyət bir sıra fəalları Amerikada mənzillənmiş müsəlman-türk vaiz Fethullah Gülenə aid ədəbiyyatı qaçaqmalçılıq yolu ilə xaricdən gətirməkdə ittiham edib.

Bu iş üzrə həbs edilənlərin arasında “Azadlıq” qəzetinin direktoru Faiq Əmirov, REAL liderlərindənNatiq Cəfərli də vardı. Natiq Cəfərli məhkəmədən əvvəl azad edilib.

Hesabatda deyilir ki, bundan əvvəl hakimiyyət orqanları müxalif AXCP-nin sədr müavini Fuad Qəhrəmanlını, partiyanın lideri Əli Kərimlinin müşaviri Məmməd İbrahimi, partiyanın gənc fəalı Elvin Abdullayevi qondarma ittihamlarıla həbs etmişdi.

Hökumətyönlü media da cəzalandırılır

Hesabatın Azərbaycana aid fəslinin media azadlığı bölümündə qeyd olunur ki, müstəqil media qurumları qısnama və bağlanma təhlükəsi ilə üzləşməkdə davam edir, hakimiyyəti tənqid edən jurnalistlər onların susdurulmasına yönəlmiş hədə-qorxu ilə qarşılaşırlar.

Təkcə ötən apreldə Berlində mənzillənmiş müstəqil Meydan TV saytı ilə əməkdaşlıq edən 15 jurnalistə qarşı iqtisadi cinayət və vergidən yayınma maddələri üzrə cinayət araşdırmaları başlanıb.

2015-ci ilin dekabr ayında Meydan TV-nin sürgün edilmiş üç jurnalistinin qohumları məhkum ediliblər. Onlar sonradan, 2016-cı ilin aprelində əfvə düşüblər.

“Azadlıq” qəzeti borcla əlaqədar üzləşdiyi qısnamalarla bağlı nəşrini dayandırıb, özəl, lakin hökumətyönlü ANS TV Fethullah Gülenlə müsahibənin anonsunu verdikdən sonra lisenziyası ləğv olunub.

Hesabatda Nardaran hadisələri ilə bağlı həbslərdən və mühakimələrdən də söz açılır.

Hesabatda qeyd olunur ki, Birləşmiş Ştatlar, Avropa İttifaqı və Azərbaycanın başqa beynəlxalq partnyorları hökumət tənqidçilərindən bəzilərinin azadlığa buraxılmasını alqışlasalar da, hakimiyyətə insan haqlarının vəziyyətini yaxşılaşdırması üçün təzyiq göstərə bilməyiblər.

azadliq.org



Oxşar Yazılar