XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

26 Dekabr 2016 - 19:32

Eldəniz Quliyev:”Ziyalılar Forumunu “Daş yuxular” dağıtdı!” VİDEO

eldeniz-quliyev-300x291

Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinin budəfəki qonağı Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdir.

III hissə

***

Rasim Balayevi qınamıram

– Rasim Balayevin ictimai mövqeyi əvvəlcə deyəsən, daha sərt və müəyyən idi. Hətta deyəsən, Rasim Balayev haqqında kitabınız da var, eləmi?

– Hə, var. Elə bir kitabım var. Biz dost olmuşuq, ailəvi dost olmuşuq, indi də münasibətimiz yaxşıdır və mən yenə deyirəm, onu qınamıram. O, aktyordur və elə hesab edir. Amma bəzi məsələlərdə bəli, o, öz mövqeyini ortaya qoyurdu.

– Qoyurdu, bəli.

– Bəzən də hətta sərt şəkildə qoyurdu.

– Eldəniz bəy, səhərdən ziyalılıq haqqında danışırıq, elə deyilmi? Sizcə, Babək rolunu oynayan ziyalı ictimai mövqesizmi olmalıdır? O zaman o, Babəki niyə oynayırdı ki?

– Əvəz bəy, mən sizə deyim ki, Qədim Romada ictimai işlə məşğul olmayan adamlar axmaq adamlar hesab olunurdular. Yəni hansı vəzifəni tutursan tut, mütləq hansısa ictimai işdə iştirak etməli idin. Sadəcə o ənənə Azərbaycanda yoxdur. O ənənə yaranmayıb, olmayıb. Rasimi mən qınamıram, ona görə ki, əvvəla, yaşlaşıb, ikincisi, xəstədir, üçüncüsü, yetərincə öz sözünü demiş adamdır, dördüncüsü, böyük sənətkarımızdır.

Ziyalılar Forumu fəaliyyətini dayandırdı

– Bu Ziyalılar Forumu hara getdi? Yaxşı, tutaq ki, xəstəlik Eldar Namazovla Rasim Balayevə müəyyən mənada təsir elədi. Axı Ziyalılar Forumu – Əkrəm Əylisli var idi, bir ara Aslan İsmayılov gəlirdi ora. Ziyalılar Forumu dayandımı, Eldəniz müəllim?

– Dayandı… Dayandı… Əsasən də bunun katalizatoru Əkrəm Əylislinin “Daş yuxular” kitabı oldu. Əkrəm Əylisli bir gün kitabını gətirib verdi bizə. 50-100 nüsxə çap olunmuşdu. Amma bu, “Daş yuxular” yox, “Möhtəşəm tıxac” kitabı idi. Kitabı hamımız oxuduq. Həqiqətən də yaxşı kitab idi. Düzdür, bəzi siyasi motivləri var idi, amma bədii çəkisi də var idi. Və hamı dedi ki, bu kitabı çap etdirmək olar. Üstündən 1-2 həftə keçmədi ki, “Daş yuxular” çıxdı ortaya. Mən “Daş yuxular”ı rus dilində internetdən oxudum sonra.

– Axı deyəsən, sonra Əkrəm Əylisli dedi ki, mən kitabı oxumaq üçün Ziyalılar Forumuna təqdim eləmişəm.

– Hə, dedi.

– Amma o deyildi?

– Yox, o deyildi. O kitab “Möhtəşəm  tıxac” idi. Sadəcə, sonra ictimai qınaq hədəfinə çevrildi. Bax, Ziyalılar Forumunun dağılmağının əsas katalizatoru həmin kitab məsələsi oldu.

– O zaman belə çıxır ki, təzyiqlər qarşısında geri çəkilibsiniz…

– Yadınızdadırsa, Rüstəm deyirdi ki, burada mən yox, hamımız rəhbərik. Bir söz var, birinci olmamaq uğrunda yarış varsa, orada inkişaf var. Ziyalılar Forumu həqiqətən elə idi – orada birinci olmamaq uğrunda yarış gedirdi. Rüstəm İbrahimbəyovun karyerasında bəzi faktorlar oldu ki, bu, bizə əngəl oldu – ölkəyə gələ bilmədi, qoymadılar, ona cinayət işi qaldırdılar, idarəsini dağıtdılar, Bax, burada bəzi əşyalar var ki, həmin idarəninkidirlər. Bax, bu masa və stullar oradan gətirilib (Eldəniz Quliyev ofisində olan stol-stulları göstərir – Red.). Sonra alternativ bir Kino İttifaqı yaratdılar. Bax, beləliklə, situasiya elə oldu ki, Rüstəm Azərbaycana gələ bilmədi. Əkrəm müəllimin kitabı da bir tərəfdən. Bax bu cür səbəblər Ziyalılar Forumunun fəaliyyətinin dayanmasına səbəb oldu.

Uşaqlıqda pioner qalstukunu cırıb atanda…

– Abbas Hümbətov soruşur ki, ReAL hərəkatının Sumqayıt məclis üzvü olaraq bir neçə məsələ məni maraqlandırır. Və bir ziyalı kimi Sizdən səmimi və dürüst cavablar verməyinizi xahiş edirəm. 1. 20 ildən artıq müddətdə AXCP-də həqiqətənmi Əli Kərimlini əvəz edə biləcək bir nəfər belə yoxdur? 2. Azərbaycan müxalifəti öz maliyyə mənbələrinin hesabatını göstərməməkdə hansı məqsədi daşıyır? ReAL-ın maliyyə məsələsi haqqında saytında ətraflı məlumat yerləşdirilib. 3. Milli Şuranın və onun üzvlərinin AXCP rəhbərliyinin, yəni birbaşa Əli Kərimlinin kurasiyasında olduğu şayiədir, yoxsa danılmaz fakt?

– Əvvəla, mən onu deyim ki, mən nəinki AXCP-nin üzvü deyiləm, eləcə də, mən heç pioner də olmamışam. Uşaqlıqda mən pioner qalstukunu cırıb atanda, yadımdadır ki, valideynlərimi çağırmışdılar ki, bu uşaq niyə pioner olmaq istəmir?

– Pioner qalstukunu cırıb atmışdınız?

– Hə, uşaqlıqda olmuşdu. Canım üçün, cırıb atmışdım. Xoşum gəlmirdi ki, bu nədir, qırmızı bir şeyi asırlar adamın boğazından. Üzr istəyirəm, xalta kimi. Komsomol da olmadım mən. Heç bir partiyanın da üzvü olmadım. Nə kommunist partiyasının, nə Müsavatın, nə Xalq Cəbhəsinin. Partiyasız oldum.

– Yəqin Milli Şuraya görə belə suallar gəlir.

– Axı bu sualların bir çox hissəsi AXCP üzvlərinə və funksionerlərinə aiddir. O ki qaldı Əli Kərimliyə, mən sizə deyim, Əli Kərimli… Əvvəla, Milli Şura siyasi qurumdan daha çox ictimai qurumdur. Baxmayaraq ki, bir çox hallarda siyasi qurum deyirlər. Çünki burada ictimai xadimlər çoxluq təşkil edirlər. Koordinasiya Şurasının üzvlərinin 70 faizi heç bir siyasi mənsubiyyəti olmayanlardan ibarətdir. Əli Kərimli də siyasi partiya lideri kimi, bizim birimiz və həmişə də adamın üstündə Allah var, özünü elə aparıb ki, fərq qoymayıb. Bütün yük onun çiyninə düşsə də, özünü əsas fiqur kimi göstərməyə çalışmayıb. Milli Şuranın daxilindən gedir söhbət. O, hamımızdan biridir, biri olmağa çalışır və onu göstərir, bununla da fəxr edir. İkincisi, Əli Kərimli bir siyasi xadimdir. Ləyaqət hissini uca tutan, əxlaqlı siyasət yürüdən bəlkə də yeganə siyasi liderdir o.

– Əli Kərimlini deyirsiniz?

– Bəli, Əli Kərimli. Bunu tam səmimiyyətimlə deyirəm və güman edirəm  ki, səhv etmirəm. Maliyyə məsələsinə gəlincə. Səhv eləmirəmsə, AXCP də maliyyə hesabatı verir.

– Abbas Hümbətov ümumiyyətlə, Azərbaycan müxalifətini nəzərdə tutur, ReAL-la müqayisə edir ki, biz maliyyə hesabatını veririk, onlar vermir.

– Azərbaycan müxalifəti yazıq bir maliyyə alır ki, hesabat da versin? İndi siz alırsınızsa, əlbəttə, hesabat da verməlisiniz. ReAL yəqin müəyyən qrantlar-filan alır da. Amma tutaq ki, Azərbaycan Ziyalılar Birliyi bir ictimai təşkilat kimi cəmi bir dəfə Dövlət Dəstəyi Şurasından 3.000 manat qrant alıb. O zaman da bizi elə vəziyyətə gətirdilər ki, mən dedim ki, razıyam, 5.000 manat qaytaram, bircə bizdən əl çəkin. Hesabat məsələsi məni boğaza elə yığdı ki, uşaqlar-alimlər küçədən simkart yığırdılar ki, hesabat verə bilək. Elə xətrimə dəydi ki, heç ondan sonra onlarla əməkdaşlıq etmədik.

Hacıbaba Əzimov Milli Şurada təxribat törətdi

– Azər Lerikli Talış soruşur: “Eldəniz bəy, Azəri-Talış Birliyinin sədri Mehdibəy Səfərov Milli Şurada olanda ona qarşı biganə mövqe nədən irəli gəlirdi? Konkret olaraq ona qarşı edilmiş hörmətsizliyi nəzərdə tuturam. Milli Şura hakimiyyətə gələrsə, Azərbaycanda yaşayan xalqların dil, mədəniyyət, tarix, televiziya, radio və s. inkişaf proqramı varmı? Konkret milli məsələdə bir proqram varmı? Eldəniz bəy, Milli Şura ilə Müsavat Partiyasının arasındakı gərginliyin əsasında nə dayanır? Müsavat Partiyası Milli Siyasət Komissiyası yaradıb. Bəs Milli Şurada bunun yaradılmasına mane olan səbəb nədir?” Əslində, bir neçə sualdır…

– Ondan başlayaq ki, deməzdim, orada Mehdibəy Səfərova hörmətsizlik olundu. Mehdibəy təkcə talış kökənli bir ziyalı deyil, eləcə də, Azərbaycanı sevən və Azərbaycanın ağrısı ilə ağrıyan insanlardan biridir. Onun çox gözəl məqalələri də çıxıb. Elə bu fəaliyyətlərinə görə də Milli Şuraya seçilmişdi. Biz sizinlə səmimi danışırıq, açıq deyim ki, bu məsələdə az qala təxribat törədən Hacıbaba Əzimov oldu. Niyəsə talışlara qarşı bunda bir allergiya var.

– Hacıbaba müəllim Milli Şuranın üzvüdür?

– Milli Şuranın üzvü idi. Hətta Koordinasiya Mərkəzinin üzvü idi. Sonra, belə deyək, yarı öz istəyi ilə, yarı da hamımızın istəyi ilə uzaqlaşdı. Hacıbaba nə isə məcburi surətdə Mehdibəyi separatçı kimi təqdim eləmək istəyirdi. Halbuki Mehdibəy bütün ömrü boyu elə separatizmə qarşı mübarizə aparıb. Üstəlik, hələ məni də, deyəsən, qatışdırırdı bu məsələyə ki, Eldəniz Quliyev də separatçıdır, Ələkrəm Hümbətovun ideya rəhbəridir-filan. Yazıq Eldəniz heç Ələkrəmi görməyib. Yəni çox qəribə bir xof vardı onda ki, bəs MTN-ə demək lazımdır bu məsələni, yoxlamaq lazımdır. Biz də eləmədik tənbəllik, tapdıq bunun o zaman yazdığı kitabı və o kitabda Müsavat haqqında dediklərini…

– Hacıbaba Əzimovun?

– Hə. Biabırçılıq. Müsavatı necə əzmək lazımdır və s. Təxminən biz indi erməni terrorizmi haqqında danışanda hansı ifadələri işlədiriksə, elə o ifadələri öz kitabında Müsavata qarşı işlədib.

– Bu Müsavata, yoxsa tarixi Müsavata?

– Tarixi Müsavata.

– Deməli, Sovet dönəmində yazdığı əsər olub.

– Bəli. Ondan sonra bir az sakitləşdi o adam. Amma hər bir ölkənin siyasətində belə odioz fiqurlar olub ki, nədənsə narazı, nədənsə xoflu olublar, kimisə alçaltmaq istəyiblər. Onların biridir Hacıbaba, mən belə başa düşdüm.

– Milli Şura ilə Müsavat partiyası arasındakı münasibətlərə görə də suallar var…

– Sözün doğrusu, bu münasibətlərə qarışmaq istəmirəm. Hər bir mürəkkəb şeyin məğzi əslində sadədir. Bu da çox sadədir. Yəni Müsavat partiyası Milli Şuranın yaradılmasında iştirak edən bir neçə siyasi partiyadan biridir. Biri idi. Arada nə oldusa – bəlkə də heç nə olmadı – Müsavat Milli Şuradan qopdu. Çıxdı. Adını qoydular ki, Milli Şura Rusiyanın proyektidir. Amma zaman göstərdi ki, Rusiyanın proyekti kimdir. Çıxdılar və ümid etdilər ki, bunların getməyi ilə Milli Şura dağılacaq. Amma bu, baş vermədi. Əksinə, çıxanlar çıxdı və Milli Şura daha da durulaşdı və daha da möhkəmləndi. İndi də görürsünüz ki, bəlkə də yeganə siyasi-ictimai qurumdur ki, səmimi surətdə, əxlaqlı tərzdə, ləyaqətlə mübarizəsini davam etdirir. Mən bunu tam ürəyimdən deyirəm.

Milli Şuradan ilk gedən mən olacam, əgər…

– Aqil Əli Məhərrəmli soruşur: “Eldəniz bəy, siz son zamanlarda bir ziyalının proseslərə qoşulmasının nə qədər faydalı olduğunu göstərdiniz. Necə düşünürsünüz, ziyalılardan irəlidəki zamanlarda belə cəsarətli addımlar görə bilərikmi? Milli Şuraya qoşulmağınızda, hər kəsin Milli Şuranı dağıtmağa çalışdığı bir zamanda Milli Şurada qalmağınızda başlıca amil nədir?”

– Mən başqa cür yaşaya bilmirəm. Başqa cür fəaliyyət göstərə bilmirəm mən. Mənim yolumu müəyyən edən bircə məfhum var ki, o da mənim vicdanımın səsidir. İnanın. Bəlkə bir az ritorik səslənə bilər. Və… mənim nəvəmin gözləridir. Mən istəyirəm ki, o təmiz gözlərə baxa bilim. Güzgüdə öz sifətimə baxa bilim istəyirəm. Öz sifətimə baxanda özgə sifət görməyim, utanmayım. Ona görə də vicdanım deyən şeyləri edirəm. Milli Şuraya mən gəlmədim, Milli Şuranın əvvəlindən oradayam. Əgər Milli Şurada ona hər hansı ləkə gətirəcək bir hərəkət olacaqsa, hər hansı bir riyakarlıq olacaqsa, təbii ki, o zaman oradan ilk gedən də mən olacam.

– Faiq Nəsirovun da mövzu ilə bağlı bir sualı var: “Əgər ölkədə öz sənətinizlə normal fəaliyyət göstərmək imkanınız olsaydı, gördüyünüz işləri cəmiyyətə təqdim etmək və çatdırmaq imkanlarınız olsaydı, daha çox hansı sahədə işlər görə və cəmiyyətə daha çox təsir göstərmək imkanınız olardı – Milli Şurada, yoxsa kino sahəsində?”

– Öz sahəmdə. Milli Şurada biz mübarizə aparırıq ki, hərə öz sahəsində öz işini görə bilsin. Siyasətçilər hakimiyyətə gəlmək istəyirlərsə, qoy hakimiyyətə gəlsinlər, demokratik, sivil, normal bir hüquqi dövlət qurmaq üçün. Bu xalqı azad, xoşbəxt yaşatmaq üçün siyasətçilər hakimiyyətə gəlmək istəyirlərsə, gəlsinlər. Biz onun mübarizəsini aparırıq. Və belə olan tərzdə mənim kimi qələm əhli, sizin kimi jurnalist də öz işimizlə məşğul olarıq. Mən ssenaristəm. Öz sənətimlə məşğul olmaq mənim üçün xoşbəxtlikdir. Mən də elə bir haqq qazanıb öz işimlə məşğul olmaq istəyirəm. Elə bir dövlət qura bilsək, o zaman heç Milli Şura da lazım olmayacaq axı.

– Eldəniz müəllim, həbsdə olanlarla bağlı müəyyən suallar var. Siz həm də həbsdə olan bir neçə insanın müdafiə komitələrinin işində iştirak edirsiniz, konkret olaraq Rüfət Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin sədrisiniz. Şəfa Qasımova soruşur: “Əvəz Zeynallıdan, Xədicə İsmayıl və İlqar Məmmədova kimi müxalif şəxsləri tutmuş hakimiyyət, Əli Kərimli, Arif Hacılı və İsa Qəmbəri niyə tutmur? Bəlkə çəkinir, qorxur onlardan?” Arif Hacılı iki dəfə siyasi məhbus həyatı yaşayıb, İsa Qəmbər həbs olunub, Əli Kərimli də dəfələrlə…

– Dəfələrlə… həbs olunmaqdan da pis vəziyyətə salınıb. Pasport belə verməyiblər. Əgər o çox istəyirsə, hökumət axırda onları da tutacaq.

Cahangir Hacıyev siyasi məhbusdurmu?

– Çünki son vaxtlar bəzi açıq çağırışlar var. Təəssüf ki, bəzi jurnalistlər yazırlar ki, niyə filankəslər azadlıqdadır, niyə filankəslər həbs olunmurlar və s. Yeri gəlmişkən, mən də buradan o tip çağırışları təqdir etmədiyimi bildirirəm. Heç bir zaman heç bir kimin həbsini tələb eləmək olmaz. Təbii ki, cinayətkarlar istisna olmaqla. Ki, o haqda da hüquq-mühafizə orqanları fəaliyyət göstərirlər. Ağaşirin Tarverdioğlu soruşur ki, Eldəniz bəy, doğrudanmı Milli Şura Cahangir Hacıyevi siyasi məhbuslar sırasına daxil etmək istəyir. Son zamanlar belə söz-söhbətlər dolaşır.

– Bilmirəm, bu xəbəri kim dövrəyə buraxdı. Milli Şura siyasi məhbus siyahısı hazırlamır. Siyahını hüquq müdafiəçiləri hazırlayıb. Siyahını hazırlayan Oktay Gülalıyev, Leyla Yunus kimi hüquq müdafiəçiləri Milli Şuranın üzvləridir. Bu, o demək deyil ki, Milli Şura hazırlayır bu siyahını. O ki qaldı Cahangir Hacıyevə, onun siyasi məhbus siyahısına salınmağını kimsə qəsdən buraxdı mediaya ki, fəaliyyətimizə kölgə salsın. İkinci tərəfdən, axı siyasi məhbus statusu almaq  üçün müəyyən kriteriyalar var.

– O kriteriyalara düşən hər kəs siyasi məhbusdur. İstəyirsən Cahangir Hacıyev olsun, istəyirsən Akif Çovdarov olsun…

– Onu siz daha yaxşı bilirsiniz – o kriteriyaları… O kriteriyalara uyğun gəlmirsə, əlbəttə, siyasi məhbus ola bilməz. Siyasi məhbus cani də ola bilər. Var vicdan məhbusu, var siyasi məhbus. Bəli, cinayət törətmiş insan siyasi məhbus ola bilər. O 5 kriteriya mövcuddursa, o adam siyasi məhbus sayıla bilər. Amma mən hər iki qrupda da Cahangir Haciyevin siyasi məhbus elan ediləcəyini hələ eşitməmişəm. Şükür ki, bu iki qrup da yaxınlaşır artıq. Elə bir ciddi fikir ayrılığı yoxdur. Nə Xədicə xanımgil tərəfdə, nə də Leyla Yunus tərəfindən.

– İnşallah, güman ki, vahid mövqe ortaya qoyulacaq.

– Mən arzu edirəm ki, vahid mövqe ortaya qoyulsun və lazımsız söhbətlər də qurtarsın. Hələ ki, Cahangir Hacıyevin məsələsinin müzakirəsini mən eşitməmişəm.

Rusiyanın 52 nəfər dünya şöhrətli yazıçısı məktub göndərdi

– Qurd Ürəyi və Əsmər Hüseynova suallar göndəriblər. “Dekabrın 23-də tam bir il olacaq ki, şair Saday Şəkərli həbs olunub. Bu yaxınlarda onun Ali Məhkəmədə şikayətinə baxılacaq.” Sualım budur ki, Saday Şəkərlini hələ də dəmir barmaqlıqlar arxasında saxlamaq hakimiyyət nümayəndələrinə nələri qazandırdı? Ümumiyyətlə, hakimiyyətin kitabdan və ziyalılardan belə qorxacağı varsa, nədən hələ də əksər ziyalılarımızdan bir səs çıxmır? Saday Şəkərlinin həbsi bunları qorxutdu yoxsa? Əsmər xanım da təxminən eyni sualı soruşur: “Bu yaxınlarda olacaq Ali Məhkəmədə Saday Şəkərlinin müdafiə komitəsi iştirak edəcəkmi? Məhkəmə öncəsi hansısa toplantılar keçiriləcəkmi və şairin həbsdə qalması davam edərsə, hansı addımların atılacağı gözlənilir?”

– Mən bir neçə Müdafiə Komitəsi təsis elədim. İlki Saday Şəkərlinin hüquqlarını müdafiə komitəsi oldu. Və biz inanın Əvəz bəy, nə mümkündürsə elədik. Çox az olaylar var ki, bu qədər çox dirəniş göstərilib. Rusiyanın 52 nəfər dünya şöhrətli yazıçısı məktub göndərdi. Təbii ki, bizim fəaliyyətimizin nəticəsi idi bu. Müdafiə Komitəsi bəyanatlar verdi. Azərbaycan Yazıçılar İttifaqının bir çox üzvü rəsmi olaraq kömək etmədilər, baxmayaraq ki, Rusiya Federasiyasının Yazıçılar İttifaqı rəsmi olaraq İlham Əliyevə müraciət elədi. Azərbaycanın Yazıçılar İttifaqı kənarda qaldı. Amma kifayət qədər insanlar – məndə onların siyahısı da var – bu komitəyə qoşulub dəstək verdilər.

– Deyəsən, nəticə də verdi, eləmi? 10 ildən 5 ilə endirdilər.

– Bəli, həm Cinayət Prosessual Məcəlləsində dəyişiklik oldu, həm də bu dəstəyin təsiri oldu. Amma yenə də biz fəaliyyətimizi dayandırmamışıq. Bu yaxınlarda Ali Məhkəmə olacaq. Biz Müdafiə Komitəsi olaraq nə mümkündürsə edəcəyik, çünki əminik ki, bu adamın bir zərrə qədər də olsun günahı yoxdur. Günahsız həbs olunub bu adam. Şərlənib həbs olunub və ümidimi itirmirəm ki, Ali Məhkəmə pozitiv bir nəticəyə gəlib çıxacaq.

– İnşallah, Allah hamısının qapısını açsın. Rüfət Səfərovun da Müdafiə Komitəsinin rəhbərisiniz. Rüfət Səfərovun anası Tahirə Səfərova yazıb: “Eldəniz müəllim, salam. Oğlum Rüfətin Müdafiə Komitəsinin rəhbəri kimi çəkdiyiniz zəhmətə görə sizə təşəkkürümü bildirirəm. İstərdim ki, Ana olaraq Rüfətin məhkəməsində ədalətin qalib gələcəyinə şahid olum. Sizdə necə, buna bir inam varmı?” Məncə, bizim hamımızın inamımız var.

Hakimiyyət cəm halında bu məsələdə geri çəkiləcək

– Əvvəla, Tahirə xanıma təşəkkür edirəm. O, təkcə Rüfətin anası yox, artıq öz çıxışları, müraciətləri və hərəkətləri ilə fəxr eləməli şərəfli və ləyaqətli bir Azərbaycan qadını obrazı ortaya qoydu. Günahsız olan övladının həbsini bu dərəcədə ləyaqətlə qarşılamaq və bir Azərbaycan qadınlığı təcəssüm etdirmək çox az adama nəsib olur. Çox fəxr edirəm ki, Tahirə xanıma bacı deyə bilirəm mən. Siz də Rüfətin müdafiə komitəsinin üzvüsünüz. Görürsünüz ki, əlimizdən gələni edirik. Yenə də ümid edirəm ki, apellyasiya şikayətinə ədalətlə baxılacaq (22 dekabrda apellyasiya şikayətinə baxıldı və qərar qüvvədə saxlanıldı – Red.). Sizinlə birlikdə getdiyimiz Apellyasiya Məhkəməsindəki çıxışında da görünür ki, bu adam günahsızdır. Əgər onun atasının hakimiyyətlə hər hansı bir mübahisəsi olubsa, bu, övladın başında niyə çatlamalıdır? Rüfət demokratik düşüncəli və çox ləyaqətli bir övladımızdır. Hesab edirəm ki, hakimiyyət cəm halında bu məsələdə geri çəkiləcək.

– Mehdibəy Səfərov soruşur: “Turan TV-də Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının başlıca tərkib hissəsi olan, onların milli özünümüdafiə kimi fundamental hüquqları sayəsində müəyyən müsbət irəliləyişlər gözləyə bilərikmi?” Mehdibəy Səfərov iddia edir ki, demokratiyanın paytaxtında oturaraq demokratiyadan dəm vuran Milli Şuranın Avropadakı təmsilçisi Qənimət Zahidov ölkəmizin taleyi üçün vacibdən də vacibolan bu sahə barəsində eşitdiyi suala dodaq büzdü və dözümsüzlük nümayiş etdirdi. Sizdən soruşmaq istəyir ki, maraqlıdır, iddiaları, əməlləri və dünyagörüşü uzlaşmayan bu adamlar niyə öyrənmirlər? Niyə ətrafdan nümunə götürmürlər, niyə tarixdən dərs almırlar? Yeri gəlmişkən deyim ki, verilişin müəllifi olaraq Mehdibəy Səfərovun belə bir qənaətə gəlməsini mən anlamadım, amma Qənimət Zahidlə dost olduğum üçün bu sualı verdim. Sonra deməsinlər ki, onun haqqında olan sualı vermir…

– Sözün doğrusu, Mehdibəy Səfərovun sualının səmimiyyətinə mən də bir o qədər inanmadım. Əvvəla, Turan TV-nin adını bu qədər hallandırmaq və çeynəmək düzgün deyil. İstəyirsən orada talış haqqında veriliş olsun, mənə elə gəlir ki, Qənimət o verilişi verməkdən heç çəkinməz də.

– Burada Çingiz Cabbarov çox maraqlı cavab verib ona ki, bəylər, buradakı Turan TV ilə bağlı suallara birdəfəlik cavab olaraq deyirəm, siz haçansa gördünüzmü ki, orada türkçülük təbliğ olunsun. Bu kanal bizlərin – talışın, tatın, ləzginin, türkün kanalıdır. Məncə, ən yaxşı cavab elə budur…

– Yaxşı cavabdır. Mehdibəy də kino işçisi olub uzun müddət. Mən inanıram ki, Mehdibəy sabah talış dilində hər hansı veriliş hazırlasa, Qənimət bəy onu böyük məmnuniyyətlə verər.

– Yox, bu məsələ problem olmamalıdır. Sadəcə, sual birdən çıxdı və maraqlıdır ki, sual təhrif olunub, həmin sual deyil. Dedim, buradan səslənsin. Eldəniz müəllim, Əmirağa İsmiyev adlı adam təxminən 8-9 sual verib. Biz bunların bəzilərinə burada cavab aldıq. Ölkə iqtisadiyyatının və maliyyə sisteminin təhlükəsizliyini necə qiymətləndirirsiniz, siyasi məhbusların durumu necədir və s. suallar var…

– Mən sizi əziyyətə salmayım, bütün o sualların cavablarını mən hörmətli Əmirağa bəylə müzakirə eləmişəm. Ona görə də heç tamaşaçıları da əziyyətə salmayaq. Əslində, bu sualların hamısının bu müsahibədə bu və ya digər şəkildə cavabını vermişəm.

– Şəhriyar Səmədov soruşur ki, Yaxın Şərq ölkələrinin hansında olub?

– Heç birisində.

– Yasər Ağayev: “Eldəniz bəy avtobusda eşitməyib ki, ölkə nə zaman düzələcək…”  Maraqlı yanaşmadır…

– Bilirsiniz, niyə elə sual verib?

Avtobusda, metroda televiziyalardan yaxşı müzakirələr gedir

– Mənə də maraqlı gəldi, ona görə verdim bu sualı…

– Elə statuslar var ki, mən öz dilimdən onları yazmağı bir az qeyri-etik hesab edirəm. Belə deyim, özümə yaraşdırmıram. Bir stil kimi, “avtobusda eşitdiyim sözlər” silsiləsi var. Onlar bir çox hallarda satirik-yumoristik olur. Hətta siyasi yükü də olur bəzisinin. Yəqin onu nəzərdə tutur. Avtobus ən yaxşı xəbər yeridir elə. İndi avtobusdur, metrodur buralarda televiziyalardan yaxşı müzakirələr gedir.

– Hakimiyyətlə bağlı bir-iki sual var. Seyran Rəfiyev soruşur ki, Eldəniz müəllim, sizcə, niyə hakimiyyət bu xalqa zülüm verir? İkinci sualı belədir: “Öz ziyalısına küçə süpürtdürən rejimi şairlərimiz, doktorlarımız və müəllimlərimiz niyə dəstəkləyirlər? Görəsən, səbəbi nədir?”

– Seyran yəqin onu nəzərdə tutur ki, siz bilirsiniz ki, məni bir statusa görə, məhkəməyə verib haqqımda cinayət işi açmışdılar. Məhkəmə də təmin eləmişdi və mənə ilk dəfə Azərbaycanda 480 saat ictimai işdə işləmək cəzası kəsmişdi. Bu, cərimədən fərqli cəza idi. Təkcə süpürgəçi yox, qazanxanada da işləyə bilərdim. Və mən işlədim.

Dil tapmaq nəyisə dağıtmaq üçündür

– İşlədiniz, eləmi?

– 480 saat işlədim. Bunu əgər gündə 6 saata bölsək və altıncı-bazar günlərini çıxsaq, 6-7 ay mən işə gedib-gəldim.

– Harada işlədiniz, Eldəniz müəllim?

– Nəsimi rayonunun JEK-lərindən birinə təhkim eləmişdilər məni və başımın üstündə gözətçi də qoyurdular. Bir gün işə getməyəndə aləmi qatırdılar bir-birinə ki, qərar dəyişiləcək və siz həbs olunacaqsınız. Bir daha əmin oldum ki, bu ölkədə bir çox məsələləri qanunun aliliyi yox, məmurun iradəsi həll edir. Yəqin Seyran ona işarə edir. Seyran indi Niderlanddadır. O, Ziyalılar Hərəkatının müşaviri idi. Mənim yanımda işləyirdi. O hadisə də elə onun yanında baş verdi. Bəlkə elə o hadisədən də qorxub getdi buradan. Gördü ki, heç nədən insanı tuturlar, şərləyirlər. Mənim də məhkəməyə verilməyim onun şahidliyi ilə olub. O statusu yazmağa məcbur olduğum hadisədə iştirakçı olub. Nə bilim, vallah, hər halda biz belə ölkədə yaşamağı arzulamırdıq. Şəxsən mən istəyirəm ki, burada qanunlar hörmətli olsun, qanun şah olsun. Mən istəyirəm ki, xalqımız ağır yaşamasın. Eşidəndə ki, ondan suxarı istəyən bir ata onu ala bilmədiyi üçün intihar edir, bunun müqabilində harın məmurların balaları avtoşluq edir, restoranda 5-10 min manat hesab ödəyir, bəziləri şampanski vannası qəbul edir, adam ağrıyır. Sosial ədalətsizlik o dərəcədə göz qabağındadır ki, adam deyir ki, belə olmamalıdır axı. Bunun üçün nə ziyalı, nə də alim olmaq lazımdır. Sadəcə iki gözün olmalı və qulaqların açıq olmalıdır. Ağzını da bağlamamalısan. Gördüyünü, eşitdiyini deməlisən sən.

– Seyid Mirfeyzulla qəribə bir sual soruşub ki, ermənilərin başımıza açdığı fəlakətlə yerli YAP hakimiyyəti və xalqa verdiyi zülüm arasında nə fərq var. Əslində zülüm-zülümdü da…

– Hesab edək ki, mənim əvəzimdən cavab verdiniz. (Gülür…) Razıyam…

– Hə, sonuncu sualımız Baba Allahnəzərovdan gəlir. Deyir ki, Eldəniz müəllim, nə etməli və həm də nəyi etməməli…

– Biz xalqı da, ictimai-siyasi qüvvələri də konsolidasiyaya çağırmalıyıq. Birliyə, həmrəyliyə çağırmalıyıq və ona nail olmalıyıq. Niyə indiyənə qədər birlik yoxdur? İnanın ki, çox ağrılı bir sualdır bu mənim özümə də. Soruşurlar da: “Siz niyə birləşmirsiniz?” Mən hesab edirəm ki, əgər o birləşmənin motivində, nəticəsində, məqsədində dağıtmaq varsa, o birlik mümkün olmayacaq. Fikir verin, hansısa siyasi partiyaların birləşmək təşəbbüsü neyçündür, nəyisə gəlib dağıtsınlar. Əslində birləşmək qurmaq üçün, yaratmaq üçün – o məqsədlə olanda alınır. Onun üçün indiyənə qədər nə müxalifət partiyalarının bir araya gəlməyinə mane olan səbəb budur. Eləcə də iqtidarla demokratik düşərgənin dil tapmağına mane olan səbəb budur ki, dil tapmaq nəyisə dağıtmaq üçündür. Birləşmək nəyisə dağıtmaq üçündür – nə qədər paradoksal səslənsə də. Hər halda, yenə də hər zaman dediyim sözlə qurtarmaq istəyirəm ki, biz nə etməliyik? Çernışevskinin məşhur sualı həmişə Domokl qılıncı kimi başımızın üstündən asılıb. Nə etməliyik? Biz bir çox hallarda bir-birimiz haqqında danışmaqdan daha çox, bir-birimizlə danışmağa üstünlük verməliyik. Birinci dəfədir misal çəkirəm; Ekzükerinin bir fikri var ki, dünyada ən qiymətli şey insanın insana olan səbəbi-ünsiyyətidir. Səmimi bir ünsiyyət olacaqsa, hər şey olacaq. Deməli, bu gün biz siyasətə səmimiyyət, əxlaq gətirməyə çalışmalıyıq. İnsanlar arasında körpü tikməyə çalışmalıyıq, ünsiyyət körpüsü tikməliyik. Bu gün ancaq divarlarla məşğuluq, divar qalxızırıq. Bunları edə bilsək, nə etməli sualına da cavab  tapılacaq.

– Təşəkkür edirəm.

– Mən Sizə təşəkkür edirəm.



Oxşar Yazılar