XƏBƏR LENTİ

17 Fevral 2017
16 Fevral 2017

24 Avqust 2016 - 14:36

İran–Rusiya sövdələşməsi niyə baş tutmadı?

cemil-hesenli-evProfessor Cəmil Həsənli beynəlxalq münasibətlər tarixi üzrə dünyada tanınan mütəxəssisdir. Onun SSRİ-nin cənub sərhədləri boyunca sovet siyasəti seriyasından olan kitabları ABŞ-ın tanınmış Harvard Universitetində, Rusiyanın müxtəlif nəşriyyatlarında, Türkiyə və digər ölkələrdə nəşr edilib. Suriyadakı vəziyyətlə bağlı İranın öz ərazindən Rusiya aviasiyasına istifadə imkanı verməsi regionda yeni geo-strateji reallıqlar yaratdı. Məhz bu məsələ ətrafında Milli Şuranın sədri prof. Həsənli “Turan”ın suallarını cavablandırdı.

– Cəmil müəllim, bu gün qəflətən aydın oldu ki, İran Rusiyanı Həmədan aerodromundan çıxarıb. Bu tələsik qərar nə ilə bağlıdır?

– Bilirsiniz, Rusiya və İran prezidentlərinin bu yaxınlarda keçirilmiş Bakı görüşündə əldə edilmiş “Həmədan sövdələşməsi” gizli xarakter daşımalı idi. Suriyada Əsəd rejimini müdafiə etmək məqəsdilə İran Həmədan hərbi hava bazasından Rusiya aviasiyasına istifadə imkanı vermişdi. Lakin Rusiya bu razılaşmanın gizliliyini pozmaqla İranı həm öz əhalisi və həm də dünya ictimaiyyəti qarşısında pis vəziyyətdə qoydu. Ona görə də bu gün İranın müdafiə naziri Hüseyn Dehqanı Rusiyanı gizliliyini pozduğu üçün xəyanətdə, “ulqumsuzluqda” və sirr saxlaya bilməməkdə ittiham etdi və rus aviasiyası Həmədan bazasından çıxarıldı. Az sonra İran xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasimi rusların Həmədandan çıxarılması haqqında məlumatı təsdiq etdi.

– Əslində İranın Həmədanda yerləşən hərbi aerodromunu Rusiya bombardımançılarının isifadəsinə verməsi bir çoxları üçün gözlənilməz idi. Bu addım Tehranın ənənəvi kursundan uzaqlaşması deyildimi?

– 1979-cu ildə İslam inqilabının qələbəsindən sonra birinci dəfədir İran xarici dövlətin hərbi qüvvələrini öz ərazisinə buraxır və xarici ordunun onun ərazisindən istifadə etməsinə icazə verir. Bu, artıq İranın xarici siyasətində, hərbi strategiyasında yeni hadisədir. Əgər söhbət Rusiyadan gedirsə, sonuncu rus əsgəri İran ərazisini 1946-cı ilin may ayında tərk etmişdi. İndi 70 ildən sonra birinci dəfə idi ki, Rusiya hərbi hava qüvvələri İrana məxsus hərbi aerodromlardan istifadə imkanları əldə etmişdi. Ölkənin hava məkanından istifadə etmək bir şeydir, onun ərazisindəki hərbi obyektdən istifadə ayrı şeydir. Bu, o demək idi ki, Rusiya qonşu dövlətin Həmədanda yerləşən hərbi obyektindən hərbi baza kimi istifadə hüququ əldə etmişdi və bu da İranın uzun müddət rəhbər tutduğu xarici qoşunları öz ərazisinə buraxmamaq siyasəti ilə köklü şəkildə ziddiyyət təşkil edirdi. Suriyada hərbi əməliyyatların kəskinləşməsi və Yaxın Şərqin digər ölkələrində böhranlı vəziyyətin yaranması şəraitində Rusiyanın İranın hərbi obyektlərindən istifadəsi Yaxın Şərq üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi.

– İranın öz ərazisindən və hərbi obyektindən Rusiyaya istifadə imkanı verməsi ölkə daxilində necə qarşılanmışdı?

– Əlbəttə, Tehran hökumətinin belə bir addımı ölkədə çoxları, o cümlədən parlamentin mühafizəkar hissəsi üçün gözlənilməz olmuşdu. Bu, bir tərəfdən İranın əsası İmam Xomeyni tərəfindən qoyulmuş xarici siyasət prinsiplərindən uzaqlaşması, digər tərəfdən isə ölkənin islam təəssübkeşliyi siyasətindən imtinası demək idi. Konstitusiya prinsiplərinə görə İran dünya müsəlmanlarının müdafiəsini özünün xarici siyasətinin prioriteti hesab edir. Suriyada isə qarşı-qarşıya döyüşən hər iki tərəf, məlum olduğu kimi, müsəlmanlardır və bu addımla dünya müsəlmanlarının haqqının və hüququnun təminatçısı rolunda çıxış edən İran Suriyanın müsəlman müxalifətini daha effektli bombardman etmək üçün öz ərazisində xristian Rusiyaya hərbi hava bazası yaratmaq imkanı vermişdi. Parlament müxalifəti doğru olaraq belə hesab edirdi ki, İran konstitusiyası hökumətin ölkə ərazisində Rusiyaya hərbi baza yaratmaq icazəsi verməsini qadağan edir. Bu addım İslam Respublikasının konstitusiyası ilə birbaşa ziddiyyət təşkil edirdi. Çünki konstitusiyada birmənalı formada, aydın şəkildə nəinki ölkə ərazisində xarici hərbi bazaların yaradılması, hətta məhdud sayda xarici hərbi kontingentin İran ərazisinə buraxılması da qadağan edilir. Parlamentin sədri Əli Laricanı Rusiya hərbi təyyarələrinin Həmədan aerodromundan istifadəsinin əleydarlarına hər nə qədər bunun hərbi baza yaratmaq anlamına gəlmədiyini izah etsə də və bu addımın Rusiya aviasiyasının müstəsna olaraq Suriyaya uçuşlarını həyata keçirmək zərurətindən irəli gəldiyini desə də, lakin bu, İran konstitusiyasının birbaşa pozulması, xarici hərbi kontingentin ölkə ərazisindən hərbi məqsədlər üçün istifadəsi demək idi. Açıq-açığına hökumət konstitusiyanı pozmuşdu və bu da istər Məclisdə, istərsə də xalq arasında ciddi narahatçılıq doğurmuşdu. Əslində, İran hökumətinin tələsik formada rus aviasiyasını ölkə ərazisindən çıxarması artan ictimai narazılığı qabaqlamaq xarakteri daşıyır.

– Sizcə Yaxın Şərqin digər ölkələrində baş verən proseslərə münasibətdə “Həmədan sindromundan” istifadə edilə bilərdimi?

– Bilirsiniz, İran parlamentinin sədri Əli Laricanı mühafizəkar vəkillərə izahatında öz dəlillərini gücləndirmək üçün bunu açıqca ifadə etmişdi. Məsələ burasındadır ki, Yəmən konfliktinə münasibətdə Moskva ilə Tehranın maraqları üst-üstə düşür. “Həmədan sövdələşməsi” fonunda İran Yaxın Şərqdə öz mövqelərini möhkəmləndirmək üçün Rusiyanın timsalında əlavə imkanlar əldə edirdi. Yəmən proseslərinə münasibətdə Səudiyyə Ərəbistanına qarşı dayanmaq və iranpərəst  şiə qruplaşmasına dəstək vermək üçün Tehran güclü bir arxa axtarırdı və aviasiyası Həmədan obyektindən istifadə imkanı əldə etmiş Moskva perpesktivdə Tehran üçün bu istiqamətdə etibarlı arxa funksiyasını yerinə yetirə bilərdi. Ona görə “Həmədan sövdələşməsi” yalnız Suriya xalqının etimadını itirmiş Bəşər Əsəd rejimini müdafiə etmək, ona dəstək vermək üçün deyil, gələcəkdə Yaxın Şərqin digər konfliktlərində İranın mövqelərini gücləndirmək üçün də istifadə edilə bilərdi.

– Bəs Rusiyanın  “Həmədan sövdələşməsində” görünən və görünməyən maraqları nədən ibarət idi?

– Rusiya ilk növbədə Suriyada hərbi üstünlüyünü möhkəmləndirmək və münaqişənin həllində söz sahibi olmaq üçün “Həmədan sövdələşməsindən” nadir imkanlar əldə etmiş olurdu. Təsəvvür edin ki, müxalif qüvvələrin mövqelərini vurmaq üçün Rusiya ağır bombardımançıları və hərbi aviasiyası Mozdokdan qalxıb, Xəzər dənizi və İran hava məkanından keçməklə Suriya münaqişə zonasına qədər 2150 km-lik bir məsafəni qət edir. Bu gizli razılaşma ilə Həmədan hərbi hava obyektindən istifadə imkanı əldə etmiş Rusiya СУ-24-ləri və ağır bombardmançı Ту-22М3-ləri Hələb və Palmiraya qədər cəmi 1000 km-lik qısa bir uçuş imkanı əldə etmişdi. Uçuş müddəti 4-5 saatdan orta hesabla 1,5-2 saata qədər azalmış olurdu. Nəzərə almaq lazımdır ki, Suriyanın Xmeymimdə yerləşən hərbi bazası Rusiyanın Ту-22М3 uzaq məsafəyə uçan ağır bombardmançı təyyarələrini qəbul edə bilmir. Əslində gizli “Həmədan sövdələşməsi” ilə Rusiya belə mühüm bir hərbi imkanı əldə etmişdi və Suriyanın intensiv şəkildə bombardman edilməsi üçün öz starteji mövqelərini gücləndirmiş olmuşdu. Şübhəsiz ki, İran “Həmədan sövdələşməsindən” imtina etməsəydi, Rusiya gələcəkdə Yaxın Şərq proseslərinə daha yaxından müdaxilə imkanı əldə edirdi. Eyni zamanda, Rusiya ekspertləri bu hərbi əməkdaşlığın gələcəkdə İranı Moskvanın real müttəfiqinə çevirə biləcəyini də istisna etmirdilər.



Oxşar Yazılar