XƏBƏR LENTİ

20 Yanvar 2017
19 Yanvar 2017

07 Dekabr 2016 - 15:11

Qənimət Zahid “Qaynar Qazan”da: “Demokratiyanın bizdən alacağı mafioz idarəetmə olacaq” III hissə VİDEO

qenimet-qq2-960x536

“Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan saatı” proqramının müəllifi və “TuranTV”nin rəhbəri Qənimət Zahid tanınmış jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinin qonağı olub. Ə.Zeynallı müsahibənin II hissəsini yayıb. Onu təqdim edirik.

I hissə; II hissə

Bizdən Az TV olmaz

– Vüsal Həsənov soruşur. Bu haqda danışdıq, amma yenə də bu sualda fərqli bir detal var: “Proqramlarınızda nədən yalnız AXCP-ni və Milli Şuranı işıqlandırırsınız? Millətin müxalif fikri, intellektli, səviyyəsi AXCP və Milli Şura ilə bitmir. Gələcəyin AzTV-sinə çevrilirsiniz. Bu barədə danışın. Danışmazsanız da deyin millət görsün bu nöqsanınızı”.

– Əvəz bəy, burada başqa bir detalın da olduğunu deyirsiniz. Amma Milli Şura ilə bağlı hissəyə mən bayaq arqument gətirdim. Mənim özümün Milli Şuraya simpatiyam var. Yeri gəlmişkən, axı hamı bilməlidir ki, mənim özüm də Milli Şuranın üzvüyəm. Milli Şuranın üzvlərindən biri də mənəm. Amma bu məsələ də o deyil. Mənim hər halda belə məsələlərdə jurnalist tərəfim özünü daha çox basır. Belə hesab edirəm. Gələcəyin AzTV-sinə çevrilməsi kimi məsələyə gəlincə, o məsələni biz indi deyil, keçmişdə sübut elədik ki, bizdən Az TV olmaz. Yəni keçmişin Az TV-si olmadıqsa, gələcəyin də Az TV-si olmayacağıq.

– Osman Kazımov bir maraqlı sual verir: “Salamlayıram. Amma keçmişini də unutmasın. Keçmiş özü bir böyük sualdır hər bir insanın həyatında”.

– Osman bəylə tələbə yoldaşıyam. Yəni universitetdə paralel oxumuşuq. Səhv eləmirəmsə, Osman bəy məndən bir il əvvəl universiteti bitirib. Hüquq fakultəsində oxuyurdu. Osman bəylə tanışlıq dövründən indiyə qədərki bütün keçmişimi və Osman bəylə eyni otağı bölüşdüyümüz zamanları çox böyük şərəf hissilə xatırlayıram. Osman bəy mən həbs olunanda mənim vəkilim olub. Səhv eləmirəmsə, birmənalı şəkildə özü də etiraf edir ki, mənə görə olub – mənim vəkilim olduğu müddətdə də Osman bəyə qarşı xüsusi təhdidlər olub.  Nə zaman soruşsanız, detalları da deyər. Yox, mən Osman bəyin sualına görə deyil, amma ümumiyyətlə yaddaşım çox möhkəmdir. Keçmişi də unutmuram. O keçmiş mənimlə bağlıdırsa, mənim yaxın dostlarımla bağlıdırsa, bu qürurlanası bir tarixdir və onun tarixini niyə unutmalıyam ki?

– Təqdiredici suallar var. Ələsgər Ələsgərli deyir: “Allah köməyiniz olsun. Qənimət Zahidlə müsahibəni çoxdan gözləyirdim”. Gülağa Əliyev yazır: “Əvvəlcə “Qaynar Qazan”a bu şərəfli və mürəkkəb yolda uğurlar arzulayıram. Qənimət bəyə də tövsiyəm odur ki, Azərbaycanda xəstəliklər törədən ərzaqların kimlər tərəfindən ölkəyə gətirilməsi və həmçinin dərman mafiyasının fəaliyyətini həmişə gündəmdə saxlasın”.

– Biz bu məsələlərə açığı davamlı olaraq diqqət yetiririk.

İstədiyiniz yerdə oturun, mənim adımı verin

– Elçin Rüstəmli soruşur: “Bu uğuru necə bacardınız, bəy?” Cavanşir Ağayev yazır: “Qənimət bəyi qətiyyətli və mübariz mövqeyinə görə alqışlayıram”. Hörmətli səfir Arif Məmmədov qeyd edir ki, “2 intellekt bir yerdə, düşünürəm ki, müsahibə çox maraqlı olacaq”. Cəfər Azəri yazır: “Eşq olsun Vətən üçün canından keçməyə hazır olub lakin müəyyən səbəblərdən Vətən həsrətilə yaşayan millətin önündə gedənlərinə”. Bizim tanınmış jurnalistlərdən Nəsimi Şərəfxanlı deyir: “Qənimət bəy, dostlarla harada otura bilərik ki, duranda deyək, Qənimət bəy hesabı gəlib verəcək?”

– İstədiyiniz yerdə oturun, mənim adımı verin, yetər. Problem yoxdur.

– “Yer taparıq, amma o binəva nə qədər gözləsin… Qısası, nə vaxt gəlirsən, nə vaxt qayıdırsan?”

– Qayıtmaq… Zamanı gələndə qayıdacağam.  Hələliksə, bir yer tapıb otursun, mən gələrəm.

– Nazim Həsənli yazır: “Həddindən artıq təşəkkür edirəm. O, vaxtında ölkəsi üçün görə biləcəyi işləri görür. Siz bu ölkədə yaşayanlar üçün bir nəfəslik yaratmısınız, TV açmaqla. Təşəkkür edirəm”.

– Əvəz bəy, bir şey xahiş edim. Bu təşəkkürləri bəlkə heç deməyəsiniz? 

Qənimət Zahid Abel Məhərrəmovdan pul alıb, yoxsa yox?

qenimet-qq1 

– Dedim artıq bəy, qurtardı. Bir neçə alim var idi ki, onların da müəyyən dərəcədə təşəkkürləri var idi. Sadəcə bu müsahibə bir az eksprom alındı. Mən bu elanı Frankfurtda olarkən, gec saatlarda yazdım. Sonra hazırlaşmağa da o qədər vaxt qalmadı. Bunun arxasınca da daha maraqlı mövzular var. Mən təqdiredici sualları ona görə verdim ki, tənqidedici sualları yumşaltsın. Mən ilk dəfə olaraq, “Qaynar Qazan”ın Qənimət Zahidlə müsahibə dönəmində belə bir problemlə qarşılaşdım. Sanki bir sualı 10-15 nəfər, sanki bir mərkəzdən idarə olunurmuş kimi verməyə çalışıb.Paylaşımlarda da bu var idi. Mən yalnız öz profilimdə olan sualları görürdüm. Abel Məhərrəmovla bağlıdır. Bu sualı bu və ya digər formada bir çox adam – bir qadın və ya müəyyən profillərdən də bu sualı veriblər. Ağa Abdullaoğlu soruşur: “Konkret sual verib, konkret cavab istəyirəm.  “Azərbaycan Saatı”nın saytında  “40 min rüşvət” başlıqlı yazı dərc edildi. Sonra nə baş verdisə, Qənimət bəy 48 saat sonra saytın bazasından sildi”. Bu sualı Aysel Salmanlı da təkrar eləyib: “Abel sevgisi haradan qaynaqlanır? Abellə bağlı xəbəri yayımlayıb, sonra da silməsinə səbəb nədir?” Xəyal Kərimov da, Vasif Sadıxbəyli də bunu təkrar eləyir. Hətta həmin xəbərin linkini də atıb. Rəşid Nazim də bu sualı təkrar eləyib. Görünmür ki, xüsusi bir qrup bu mövzunun üzərtində dayanıb.

– Problem deyil. Mənə bu məsələ tanışdır.

– Maraqlıdır. Bu məsələ nə məsələdir?

– Bu məsələ ilə bağlı bu sualların təşkilatçısına ehtiyac duydum və bir izahat verdim.

– Sualların təşkilatçısı var?

– Hə, var. Bir gənc adamdır. Özünü siyasətçi hesab eləyir. Mən ona doğrudan da ətraflı bir izahat verdim. Amma görünür, cavab onu qane eləməyib. Bu məsələnin üzərindən də bir müddət keçib. Bilirsinizmi, bu, haradasa hələ də davam edir. Rəhmətlik Məhəmməd Fizulinin bir sözü var, deyir ki, “Pəhləvanlar badi paylar, səgirdəndə hər tərəf. Tifil həmcövlan edir, ağacdan atı var”… Yəqin təxminən mənasını başa düşdünüz. Hər kəs başa düşdü. Bəlkə mən bunu da bu sualların təşkilatçısına aid eləmirəm. Bunu Abel Məhərrəmova aid eləyərdim. Adamlarda belə bir şübhə var ki, Qənimət Zahid Abel Məhərrəmovdan pul alıb, yoxsa yox? Bu məsələnin başqa bir tərəfidir.

– Maliyyə mənbələrindən biri də Abel Məhərrəmov ola bilərmi?

– Hə, elə düşünürlər. Amma bu məsələnin başqa bir tərəfi var. Abel Məhərrəmov Qənimət Zahidə pul verərmi? Adamın neçə başı var? (Gülür…) Verməz, axı. Pul verməz. Baxın, Abel Məhərrəmovun boğazından diri ilan salsan, deyər ki, bu ilan məni öldürsün, amma mən Qənimət Zahidə pul vermərəm. Verməz də… Yəni bu, o qədər mənasız bir söhbətdir ki… Sonradan da gördüm ki, bu adamlar və yaxud da adam – mən bilmirəm, onların hamısı bir adamdır, yoxsa doğrudan da bir neçə adamdır – gördüm başa düşmür, daha əhəmiyyət verməməyə çalışdım. Axırda məcbur oldum, indi Fizulidən bir sitat gətirdim. (Gülür…)

– Comərd Qaya da bir sual ünvanlayıb: “Qənimət bəyi sizin verilişinizdə görmək xoşdur. Mərhum jurnalist Elçin Səlcuq Qənimət bəy həbs olunanda yazırdı: “Qənimət bəy eşq yolçusudur. Onu yaxından tanıyan biri kimi bunu bəyanlayıram. İnsan sufi, irfan ədəbiyyatının yetərincə bilicilərindən biridir. Əgər Qəniməti şərləyib tutdurmaqda israrlı olanlar varsa, bu mümkündür ki, nəyinsə, yaxşılığa doğru gedəcəyinə inam deyil”. Beləcə, iki sualım var. Qənimət bəy, sufi ədəbiyyatı ilə bağlı nə vaxtsa bildiklərinizi bizimlə bölüşmək istəyindəsiniz, yoxsa yox. Yazılar şəklində və yaxud da Turan TV-nin efirindən bunu etmək olarmı?”

– Maraqlı sualdır. Xüsusilə o baxımdan ki, Elçini xatırlatdı.

– Allah rəhmət eləsin.

– Allah rəhmət eləsin. Elçin çox-çox gözəl adam idi. Bir az həyat onun yaşından israfçılıq elədi…

Azərbaycanda qətlə yetirilən jurnalistlər, publisistlər ona görə qətlə yetiriliblər ki…

– Dəli-dolu, şən bir insan idi…

– …Ona görə də həyatını tez başa vurdu. Allah rəhmət eləsin, Allah günahlarını bağışlasın. Amma bilirsinizmi, bəy, mən indi niyə insanları sufi ədəbiyyatı ilə tanış eləyim ki? Sufi ədəbiyyatını getsinlər, oxusunlar. Yəni sufi ədəbiyyatını bu gün də əldə eləmək mümkündür. Mən onu improvizasiya eləyə bilərəm. Bu, bildiyimi bölüşməmək anlamına gəlmir. Sadəcə, ilk növbədə dəvət eləyirəm ki, bəlkə siz də oxuyasınız? Vaxt tapanda. Orada ziyanlı bir şey yoxdur.

– Sufi ədəbiyyatını çoxmu araşdırmısan?

– Mən sufizmin peşəkar araşdırmaçısı olmamışam. Elə başımı aşağı salıb bir ucdan oxumuşam. Amma çox erkən yaşlarımdan oxumağa başlamışam. Klassik ədəbiyyatla mən ümumiyyətlə, V sinifdən başlayaraq maraqlanmışam. Bizim zamanlarda bir az başqa cür idi orta məktəb şagirdlərinin qayğıları… İndi elə bil bir az daha böyüyüb. Ya mən müqayisə eləyə bilmirəm?

– O vaxtlar daha çox ədəbiyyat oxuyurduq.

– Hə, o vaxt daha çox oxuyurduq. O vaxt facebook, internet yox idi axı.

– İnstaqram…

– Allah ölənlərinizə rəhmət eləsin. Mənim rəhmətlik dədəm çoban olub. İndi sən təsəvvür elə ki, o vaxt internet olsaydı, onun nə dərdi var idi ki… Əlinə bir telefon alıb, facebook-laşardı da…

– Həyat da rəvan gedərdi…

– Həyat da gedərdi də… Amma o vaxtlar belə imkanlar yox idi, sosial şəbəkələr-filan da olmayıb.

– Comərd bəyin ikinci sualını oxuyum: “Mərhum jurnalistlərdən, publisistlərdən ən çox Qənimət bəy kimi oxuyardı?”

– Bizim müasirlərimizdənmi? Nə bilim, vallah, hamısını oxumuşuq da… Birincisi, Azərbaycanda qətlə yetirilən jurnalistlər, publisistlər ona görə qətlə yetiriliblər ki, onların yazdıqlarını hamı oxuyurdu. Hamı oxuyurdusa, deməli, mən də oxuyurdum, biz də oxuyurduq. Yoxsa belə xüsusi ictimai əhəmiyyəti olmayan adamları niyə öldürsünlər ki? Mərhum deyəndə bəlkə adam məxdul demək istəyib.

– Mərhum yazıb…

– Amma mən hesab edirəm ki, o, məxdul demək istəyib. Çünki mərhum da, məxdul da ərəbcədir. Məxdul öldürülən deməkdir. Comərd bəy də çox güman ki, məxdul demək istəyib. Yəni öldürülən jurnalistlər. Onun da izahatını mən verdim.

– Rəşid Allahverdiyev maraqlı bir ifadə yazıb: “İradəli insanlar həmişə qalib gəlib, amma bu xalq iradəsiz həyat tərzi keçirir”.

– Rəşid Allahverdiyevin adına, familiyasına quzu kəsim… amma bir adam öz fikirlərinin doğruluğunu əsaslandırmaq üçün…

– …Xalqı da iradəsiz adlandırmaq olmaz.

– Yox, onun öz yanaşması ziddiyyətlidir. Necə yəni, “İradəli xalq həmişə qalib gəlib, amma bu xalq iradəsizdir…” Bu, nə deməkdir ki? Dağ-dağa rast gəlməz, dəmiri isti-isti döyərlər? Belə şey olar? İradəli xalq qalib gələr, amma bizim xalq iradəsizdir. Ya desin ki, iradəli xalqlar qalib gəlirlər, amma bizim xalq iradəsizdir. İradəli insanlar qalib gəlirsə, o zaman bizim çevrəmizdəki insanlar iradəsizdir. Belə demək daha uğurlu olardı. Bu, bir redaktə səhvidir.

Mirzə Sakitlə bağlı sualları cavablandırmayacam

– Mirzə Sakitlə bağlı suallar var. Mən istədim onu axıra saxlayam…

– Siz sualları oxuyarsınız, amma mən yəqin o sualları cavablandırmayacam.

– Adil Fətullazadə deyir: “Mirzə Sakitə olan münasibətini bilmək istəyirəm”.

– Bu sualları yəqin cavablandırmayacam. Çünki mən hesab edirəm ki, bu məsələnin ictimai əhəmiyyəti yoxdur.

– Akif Nəcəflinin, Vüqar Əlizadənin, Əmrah Vətənsevərin Mirzə Sakitlə bağlı sualları var idi. Xəyyam Rəvan soruşur: “Qənimət bəy bir oğul kimi anasını nə vaxt yad edib, onun qulluğunda duracaq? Onun yolunu gözləyən və hər gün ağlayan anasından dəyərlimidir apardığı mübarizə?”

– Ritorik sualdır. Azərbaycanda övladı əlindən alınan, Azərbaycanda övlad həsrəti çəkən indi minlərlə adam var.

– Ana var.

– Yalnız Qənimət Zahid deyil. Və yalnız mənim anam deyil. Minlərlə adamın anası ağlar qoyulub. Yüz minlərlə insanın anası ağlar qoyulub. Tək mənim anam deyil ki, mənim yolumu gözləyən… Və həmin anası ağlar qoyulan, övlad həsrəti çəkən yüz minlərlə ananın həsrətinə, intizarına son qoymaq üçün başladılan bir mübarizənin dəyəri nə qədərdir?

– Ananız Xədicə Ana ilə müsahibəyə baxdınız?..

– Hə, baxdım…

– Deyəsən, kövrəlmişdin də…

– Mənə bəlkə də yüzlərlə insan yazdı, dedi ki, “müsahibəyə baxdıq, kövrəldik, ağladıq”. Söhbət mənim anamdan gedirdi də… Mən də baxanda təbii ki, hansısa hissləri keçirdim.

– Nə isə… Bu qürbətdə kövrəlməyək. Əmrah Vətənsevər soruşur ki, “1. Azərbaycan iqtidarını müxalifət etmək və Azərbaycan iqtidarını dəyişməyin yolu Avropa və Amerikadanmı keçir? 2. Fətullah Gülənin son darbe gedişi haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, Fətullah Gülənə münasibətiniz necədir? 3. Orta Doğuda baş verənlər, son Mosul operasyonu və İranın, Türkiyənin bu operasyon haqqında düşüncələri nədir? 4. Liberal biri olaraq, bir zamanlar narıncı köynəklərlə meydana çıxan biri olaraq necə oldu ki, kanalınızın adını “Turan” qoydunuz. Bu, mənə qəribə deyil, çox əcaib gəldi. 5. Mirzə Sakitə şeir yazsaydınız, başlığını nə qoyardınız?” Elə şeirlər varmı?

– Hə, mənim şeirlərim var.

Mübarizəmizin məqsədi və amalı demokratiyadır

qenimet-qq

– Bunu yazan sizi tanıyan adamdır, kimdirsə…

– Yox, hesab eləmirəm o şeirlər o qədər yaxşı olublar ki, onları indi yada salıblar. Həmin şeirləri indi yazılan şeirlərin yanına qoyun. Adamda bir təvazökarlıq olmalıdır. Bir az abır-həya da yaxşı şeydir. Yaxşı şairlər var, onların şeirlərini oxumaq mənim özümə də ləzzət eləyir. Amma bir halda ki, axırdan əvvələ doğru gedirik – orada çoxlu suallar var, bəy… Deməli, Azərbycanda nə qədər adamın adı Turandır?

– Var…

– Çox sayda var… Bunların hamısının ataları millətçi-filandır ki? Ya adqoyanlar ultra milliyyətçidirlər, faşistdirlər ki? Turan bizim leksikonumuza daxil olmuş həm də mifologiyamızla bağlı, tariximizlə, mifoloji yaddaşımızla bağlı bir klişedir. O qədər… Ondan o tərəfə deyil. Bizim mübarizəmizin məqsədi, amalı dəyişməyib. Bu, demokratiyadır. Bir də tutaq ki, mən hətta belə deyək, virtual mənada, xəyallarımda qurduğum Turanın demokratiyası uğrunda mübarizə aparıramsa, bunun nəyi pisdir ki? Bu da bir yaxşı göstəricidir. Hər halda bir dəyərdir. Bizim yalnız Azərbaycanda deyil, Azərbaycanın da daxil olduğu, Azərbaycanı da əhatə eləyən böyük bir coğrafiyada demokratiyanın olmağı axı bizim həm də bir ölkə və xalq olaraq, təhlükəsizliyimizin zəmanətidir. Baxın, Əvəz bəy, siz Avropaya gəldiniz. Burada sərhəd yoxdur. Sərhəd niyə yoxdur? Ataların çox yaxşı bir sözü var: “Qonşu paxıl olmasa, bağ çəpəri neyləyir ki?”

– Heç çəpər də yoxdur.

– Nə evlərinin çəpəri yoxdur, nə də ölkələrinin çəpəri yoxdur. İndi biz, o ərazidəki Azərbaycan yerləşir, çəpərsiz ölkələri qorumaq uğrunda mübarizə aparırıqsa, bu millətçilik deyil. Ultra millətçilik deyil, faşizm baxışları deyil, eləcə demokrat baxışlarıdır.

– İndi burada bu prinsiplər qurulub. Müsahibəni Avropada, Fransada, Strasburqda götürdük, getdik Almaniyada yemək yedik, sonra yenidən bura qayıdıb gəldik. Onu yüz il əvvəl eləmək olardımı? Mümkün deyildi.

– Yox…

– Bizim getdiyimiz yolu o tərəf, bu tərəfə keçmək üçün bəlkə də yüz minlərlə insan ölüb.

– Bəli, nə qədər qırğınlar olub, qanlar tökülüb.

– Deməli, onu etməmək olarmış.

– Hə də… Sonralar adamlar fikirləşib ki, bunu etməyə dəyərdimi?

– Bunu eləyən də demokratiyadır.

– Bəli, eləyən də demokratiyadır. Və onun uğrunda da çalışmaq lazımdır. Bu məsələnin üzərində mən bir qədər də ləngiyim. Azərbaycanda da son zamanlar belə fikirlər səslənir ki, “əşşi, bu demokratiya-filan boş şeydir. Bu Avropanın bizə guya sırıdığı nələrdirsə…” Amma niyə? Avropanın nəyinə lazımdır ki, Azərbaycanda demokratiya var, yoxsa yox. Bir az da dərinə getsələr adam deyər ki, “cəhənnəmə, gora olsun, canınız cəhənnəmə”. Amma həmin bu avropalılar bu dəyərləri tətbiq eləyib, bu qədər rahat, təhlükəsiz, asudə, rifah içərisində yaşayırlarsa, biz niyə belə eləməyək ki? Yəni bizdən bu, nəyi alacaq ki? Demokratiyanın bizdən alacağı mafioz idarəetmə olacaq. Demokratiyanın bizi imtinaya məcbur edəcəyi korrupsiya, rüşvət olacaq ki, buralarda onu eləmək olmur. Çünki demokratiya var, şəffaflıq var. Deməli, bu yaxşı şeydir də… Deməli, biz bunu götürüb, özümüzə tətbiq eləməliyik. Fətulla Gülənlə bağlı sual da var…

Türkiyədə indi minlərlə Fətullah Gülən var

– Hə.

– Əvəz bəy, siz Türkiyədə oxumusunuz. O baxımdan, Türkiyə cəmiyyətini də çox yaxşı tanıyırsınız. Mən də xeyli müddət ora gedib gəlmişəm. Türkiyə cəmiyyətinin qüsurlarından biri nədir? Həm siyasi təşkilatlanmanın, həm ictimi təşkilatlanmaların məscidlərdən başlamasıdır. Bu, çox yanlış bir şeydir. İnsanlar sivil məqsədlər üçün camilərin dışında təşkilatlanmalıdırlar. Çünki məscid insanın Allaha ibadətinin bir yeridir. O, bir vicdan məsələsidir, fərdi məsələdir. Türkiyədə məscidlərdə təşkilatlanmaya elə fiziki mənada baxılmamalıdır. Türkiyədə Fətullah Gülən tək deyil ki… Türkiyədə indi minlərlə Fətullah Gülən var. Bunun pulu bir az daha çoxdur…

– …Hə, daha çox işləyib…

– Hə, daha çox işləyib. Biri də var, ortada gəzir… Mən bu adamlara baxanda, Elə Fətullah Gülənə də, mənim gülməyim gəlir. Elə gic-gic, elə mənasız sözlər danışırlar, bir də baxırsan ki, bir məscid adam – 500 adam ağlayır.  Mənə də çatmır, bunlar niyə ağlayırlar.  Axı, adam gülməli söz danışır. İnsanlar da ağlayır. Mənim bu məsələlərə münasibətim belədir.

– Bəlkə sizi nurçuluğa bağlamaq cəhdi var?

– Allah eləməsin. Nurçuluğa bağlı mən niyə olmalıyam ki, əgər imam Faiq varsa…(Gülür…) İmam odursa, o zaman mənim Fətullah Gülənə də münasibətim pis olmalıdır. Əgər mən, Faiq Əmirlinin baş redaktoru Azərbaycan imamlığına yaramadım ki, heç orta təhsili də olmayan bir adamı götürüb, imam qoydun? Mən boyda adamı görmürsən?

– Hakimiyyətlə bağlı suallar var. Həsən Həsənov soruşur ki, “Qənimət bəy bu hakimiyyətin devriləcəyinə inanırmı?”

– Hansı Həsən Həsənovdur, səfir?

– Ola bilər o olsun, ola bilər başqası…

– Mən kəsinliklə inanıram ki, Azərbaycan xalqı, Azərbaycan cəmiyyəti özündə təpər tapıb, bu diktaturanı rədd eləyəcək. Mən inanıram ki, Azərbaycan xalqının o potensialı var ki, Azərbaycanda demokratiyanın qurulması üçün təşkilatlansın və qalib gəlsin.

Nümunəni də elə cənubdan başlayaq

evez

– Zahir Əmənov soruşur: ““Azərbaycan Saatı” elə belə də davam edəcək? Ancaq ölkə rəhbərliyini və nazirləri tənqid adamı yorur. Faciəni çox təkrarlayanda komediyaya çevrilir. Müxalifəti bir araya gətirə bilməsələr də, bu verilişdə də “Qaynar Qazan” olmalı, tam əks fikirli insanlar meydana gətirilməli, onlara da danışmağa imkan yaradılmalıdır. Bütün bunlara Qənimət bəy necə baxır?”

– Zahir bəy səhv eləmirəmsə, jurnalistdir.

– Hə, deyəsən, “Cənub xəbərləri”ni buraxır.

– “Cənub Xəbərləri” qəzetinin baş redaktorudur. Hörmətli həmkarımızdır. Onun çox məntiqli sualı var. Məntiqli bir məsələyə toxunur.  Eyni zamanda da mənə bir məsələni vurğulamağa yardım etdi. “Azərbaycan Saatı” müəllif proqramı olaraq həftədə iki dəfə olmaqla qalır. Turan TV ilə bizim hər gün fərqli proqramlarımız olacaq. İndi də o kanalda fərqli proqramlar yayımlanır. “Azərbaycan Saatı” Turan TV-nin bütün efirini, efir müddətini zəbt eləyən bir proqram deyil. Bu, tutalım ki, ANS-dəki “Hesabat” kimidir. “Azərbaycan Saatı”nın indiki statusu elə bir televiziya proqramıdır. Yeri gəlmişkən, Zahir bəy, niyə materiallar hazırlayıb, göndərmir ki? Zahir bəy həftədə bir dəfə olmasa da heç olmasa, ayda iki dənə yaxşı proqram hazırlasın. Biz də onu efirə verək. O nümunəni də elə cənubdan başlayaq. Görək o zonada fərqli fikirləri irəli sürən adamlar varmı?

– Yəni deyirsən ki, biz buna hazırıq.

– Əlbəttə ki. Əgər Zahir Əmənov desə ki, mən bu materialı göndərirəm, Qənimət Zahid nə karədir ki, onu verməsin.

– Maraqlıdır…

–  Zahir bəy dəyərli adamdır. Mənim ona çox böyük hörmətim var.

– Rahib Məmmədov soruşur: “Qənimət bəyin bura gəlməsində nəsə problem var?”

– O cənab harada yaşayır görəsən? (Gülür…) Ona görə harada yaşadığını soruşuram ki, “bura” deyəndə o haranı nəzərdə tutur?

– Azərbaycanı deyir, yəqin ki…

– Hə, orada yaşayır? Əgər oranı nəzərdə tutub deyirsə, mən oralı deyiləm. Amma heç mən də bilmirəm, Azərbaycana gəlməyimdə mənim problemim var, sizcə?

– Yox… Nə problem ola bilər ki? Demokratik bir ölkədir. Sadəcə, siz gələndən sonra bizim siyasi məhbuslarımızın sayı 167 nəfər olar.

– Hə, əgər o siyahının böyüməsi ciddi şərtlərdən biridirsə, o zaman gələrəm.

– Ceyhun Mirzəlinin bir neçə sualı var. Amma mən o suallardan yalnız birini səsləndirəcəm. Çünki o birilərini bir az etik bulmadım. “O dünyada Həsən bəy Zərdabini görsəydi, ona nə deyərdi?” O dünyanı demirəm, amma birdən Həsən bəy Zərdabi ilə Strasburqda, yuxuda qarşılaşsaydınız ona nə deyərdiniz?

– Nə bilim, vallah. Belə suallar bir az mağmın suallardır. Nə bilim, nə deyərdim. Oturub, söhbət eləyərdik. Həm də baxır, harada görüşəcəm. Bəlkə biri çay içməyə dəvət etdi, oturub, orada söhbət elədik. Bəlkə də adamın işi oldu. Qaçır. Sən də məcbur salam verib, ayrılırsan. Nə bilim, çəkilişə gələcək, yoxsa yox. Müsahibə verəcək, yoxsa verməyəcək. Min dənə situasiya ola bilər. Belə suallar çoxprizmalı suallardır.

– Hər halda sualı mətbuatın problemlərinə toxunaraq əlaqələndirməyə çalışıb. Sonuncu olaraq, Emil Salamoğlunun sualı ilə yekunlaşdırmaq istəyirəm: “Qənimət bəy, ilk məhəbbətinizi necə xatırlayırsınız?”

– Bu da təxminən həmin qəbildən olan sullardandır. Məsələn, “sonrakı həyatınızda kim olmaq istəyərdiniz” və yaxud “sizcə, bundan əvvəlki həyatınızda kim olmusunuz?”

– Onun verdiyi sual bu deyil axı. O, sizin ilk məhəbbətinizdən sual verir?

– Qeyri-ciddi sualdır. Mənə elə gəlir ki, Emin Salamoğlu sadəcə zarafat eləyib.

– Amma Ayəndə xanım da məndən xahiş elədi ki, o sualı sizə verim. Bu, həm də Ayəndə xanımın sualıdır.

– Bir şey ki, bizim şəxsi məsələlərimizdir, mən onu buradan niyə danışmalıyam? Hesab eləyirəm ki…

– İlk məhəbbətin olubmu?

– Hesab eləyək ki, bu, şou-biznes sahəsində ixtisaslaşmış bir jurnalistin bir ulduza verdiyi sualdır.

 



Oxşar Yazılar